YAP İlqar Məmmədovun nə vaxt azad olunacağından danışdı

  • By admin
  • 17 Yanvar 2018 12:26

Avropa Şurası Nazirlər Komitəsi hələ ötən il REAL Hərəkatının sədri İlqar Məmmədovn həbsdən azad edilməsi ilə bağlı Azərbaycan hökuməti qarşısında tələb irəli sürüb.

Bir müddət əvvəl Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov  mətbuata açıqlamasında da bildirmişdi ki, İlqar Məmmədov bir şərti azadlığa buraxıla bilər.

“Qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, 2017-ci ilin dekabrın 1-dən etibarən İlqar Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər. Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər”-deyə, Novruz Məmmədov  bildirib.

İlqar Məmmədovun məsələsi yenidən gündəmə gəlməkdədir.

Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov modern.az-a deyib ki, İlqar Məmmədovun həbsdən azad edilməsi hüquq-mühafizə orqanlarının səlahiyyətinə aid olan məsələdir.

“O baxımdan da istər əfv olunma, istər cəzanın yüngülləşdirilməsi və başqa cəza növü ilə əvəz olunması hüquq-mühafizə orqanlarının səlahiyyətinə daxil olan məsələdir. Bu barədə heç nə deyə bilmərəm”.

REAL Hərəkatının sədri İ. Məmmədov 2013-cü il yanvarın 23-24-də baş vermiş İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub. REAL sədri kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Gununsesi.info