YAP-ın rayon təşkilatlarının sədrlərinə prezident seçkilərinə hazırlıqla bağlı tapşırıq verilib

  • By admin
  • 25 Noyabr 2017 15:53


Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.
YAP-dan “Report”a verilən məlumata görə, müşavirədə çıxış edən Azərbaycan Baş nazirinin müavini, partiyanın sədr müavini – icra katibi Əli Əhmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası 25 il ərzində möhtəşəm bir tarix yaradıb.
O deyib ki, qarşıda isə yenə də şərəfli bir yol dayanır: “Azərbaycanın müasir tarixini, insanlarımızın taleyini, həyatını Yeni Azərbaycan Partiyasından, onun uğurlu fəaliyyətindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Bu 25 il ərzində, xüsusilə də Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda baş verən bütün mütərəqqi, müsbət dəyişikliklər, inkişafı özündə əks etdirən bütün faktlar, Azərbaycanın müstəqil dövlətinin qurulması və onun iqtisadi və sosial cəhətdən inkişafı, ölkəmizin simasının köklü surətdə yenilənməsi, müasirləşməsi , ölkəmizin dünya birliyində mövqelərinin möhkəmlənməsi və saya biləcəyimiz bu günkü həyatımızı, dövlətimizin gerçəkliklərini, inkişafını əks etdirən bütün müsbət, pozitiv cəhətlərin hər biri birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə əlaqədardır. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Onun titanik fəaliyyəti ilə, 2003-cü ildən sonra isə Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsində bu irəliləyişlər əldə edilibdir”.
YAP sədrinin müavini qeyd edib ki, əldə olunan nailiyyətlər, yaradılmış baza Yeni Azərbaycan Partiyasının böyük ictimai dəstəyi və nüfuzu, siyasi çəkisi, partiyamızın sıralarında birləşən insanların say etibarilə çox olması, əhalinin Yeni Azərbaycan Partiyasının üzvü olmayan təbəqələrinin YAP-ın ideyalarını, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləməsi bundan sonrakı dövrdə də Yeni Azərbaycan Partiyasının həyatının, fəaliyyətinin və bundan sonra yaşayacaq tarixinin də uğurlu olacağına şəksiz inam yaradır.
Müşavirədə Yeni Azərbaycan Partiyasının İdarə Heyəti, eləcə də İcra Katibliyi tərəfindən qəbul edilmiş qərarların və tövsiyyələrin partiyanın rayon və şəhər təşkilatları tərəfindən icra vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş və hərtərəfli fikir mübadiləsi aparılıb. Müşavirədə həmçinin 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə ilkin hazırlıq işlərinə başlanması ilə bağlı İcra Katibliyinin tapşırıq və tövsiyyələri rayon və şəhər təşkilatlarının sədrlərinin diqqətinə çatdırılıb.

Gununsesi.info