
“Azərbaycanın Konstitusiyasında insan hüquq və azadlıqları geniş təsbit edilib. Lakin həyatımızda baş verən pozitiv dəyişikliklər, vətəndaşların iqtisadi, sosial və siyasi proseslərdə iştirak əmsalının əhəmiyyətli dərəcədə artması həyatımızın real parametrinə çevrilib. Son illərdə insanların ictimai həyatda iştirakçılığının artırılması yönündə ciddi addımlar atılıb, hüquq və azadlıqlar sferasının genişlənməsi və qorunması mexanizminin təkmilləşməsi daxili siyasətin prioritetlərindən biri kimi qəbul edilib. Azərbaycanda insan hüquq və azadlıqları sistemi Avropa standartlarına daha çox uyğunlaşdırılıb. Bütün bu dəyişikliklərin Konstitusiyada əks olunması, hesab edirəm ki, tamamilə təbii və başadüşüləndir”.
Gununsesi.info YAP-ın saytına istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ilə bağlı məsələlərə münasibət bildirərkən səsləndirib.
“Konstitusiyaya dəyişikliklərin müəyyən hissəsi insanların iqtisadi hüquqları ilə əlaqədardır. Azərbaycan azad iqtisadi münasibətlərin formalaşması və oturuşmuş sistemə çevrilməsi yolunda əhəmiyyətli məsafəni artıq qət edib. İrəli sürülən təkliflər iqtisadi azadlıqlar sisteminin yeni inkişaf mexanizminə çevrilməsi niyyətini əks etdirir”-deyə, Əli Əhmədov qeyd edib.
YAP-ın sədr müavininin sözlərinə görə, ölkəmiz demokratiyanın oturuşması yönündə iradəsini daim ortaya qoyub, demokratiyanın təkmilləşməsi həmişə diqqət mərkəzində saxlanılıb: “İndi Azərbaycanda demokratiya Konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul olunduğu 1995-ci illə müqayisədə daha kamil təsisatdır. Lakin unudulmamalıdır ki, demokratiyanın inkişaf tarixi onun fasiləsiz bir proses olduğunu sübuta yetirib. Bu gün dünyanın ən demokratik ölkələri sayılan dövlətlərdə belə insan hüquq və azadlıqlarının daha da inkişaf etdirilməsi proses olaraq müşahidə olunmaqdadır. Konstitusiya Aktında passiv seçki hüququ üçün müəyyən edilmiş aşağı yaş həddinin aktiv seçki hüququ üçün təyin olunan yaş həddi ilə eyniləşdirilməsi məhz bu kontekstdə dəyərləndirilməlidir”.
Gununsesi.info