YAP tanınmış şairin tövbəsini qəbul etdi

  • By admin
  • 12 Avqust 2016 12:24

sarvan

 

Daha çox müxalif ruhlu şair kimi tanınan Salam Sarvan Yeni Azərbaycan Partiyasına (YAP) üzv olmaq istəyir.
Gununsesi.info xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. 50 yaşlı şair yaxın günlərdə sözügedən partiyaya ərizə ilə müraciət edəcəyini vurğulayıb: “Son vaxtlar bu barədə xeyli düşündüm, təhlillər apardım. Yeni Azərbaycan Partiyasının daxili siyasətini alternativsiz hesab etdiyimdən həmin partiyanın sıralarına qoşulmaq qərarına gəldim. Tam ciddiyəm. Qəbul eləsələr, şad olaram. Qəbul etməsələr belə, kənardan həmin partiyanın təəssübkeşi kimi qalacağam. Necə deyərlər, tövbə heç vaxt gec deyil”.

YAP şair Salam Sarvanın partiyaya üzv olmaq istəməsiylə bağlı bəyanatına cavab verib.

aydin
YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə AzNews.az-a açıqlamasında bildirib ki, şairi partiyaya böyük məmnuniyyətlə qəbul edərlər: “YAP-a üzv olmaq istədiyini bildirirsə, bu, əlbəttə ki, bizi sevindirir. Salam Sarvanı şəxsən tanıyıram və münasibətimiz var. Onun yazılarını, şeirlərini oxumuşam. Daxilində həmişə vətənpərvərlik, problemlərlə bağlı narahatıq hissi var. Şairə xas olan bütün xüsusiyyətlər Salam Sarvandadır. Hesab edirəm ki, Salam Sarvanı YAP-a böyük məmnuniyyətlə qəbul edərlər. YAP sıralarında Heydər Əliyev yolu ilə gedib və prezidentin siyasətini müdafiə etməklə iştirak etmək istəyirsə, biz ancaq şad ola bilərik”.
A.Mirzəzadə hesab edir ki, cəmiyyətdə tanınan bir ziyalının YAP-da fəaliyyət göstərmək istəməsi partiya ideyalarının cəmiyyətdə günü-gündən daha geniş yayıldığını ğöstərir: “Salam Sarvan rəsmi müraciət etsin. Mən ona gələcək fəaliyyətində uğurlar arzulayıram. Partiyamızın üzvlərinin sıralarına xoş gəlir”.

Gununsesi.info