Yaponiyada xeyriyyə tədbirlərində “gəlirlərini az bəyan etməkdə” şübhəli bilinən hakim Liberal Demokrat Partiyasının (LDP) nazirləri istefa veriblər.
LDP-də “Abe Şinzo” qrupu kimi tanınan “Seiva” fraksiyasının üzvlərinin “partiya ianə tədbirlərindən əldə edilən gəlirləri az bəyan etdikləri” iddiaları Yaponiyanın gündəmini zəbt edir.
Gununsesi.info xəbər verir ki, baş nazir Kişida Fumionun kabinetindəki “Seiva” fraksiyasından “gəlirlərini az hesabat verməkdə” şübhəli bilinən 4 nazir istefa verib.
Kişida istefaları qəbul edib. Beləliklə, Kişidanın kabinetində 4 yüksək vəzifəli yer boş qalıb.
“Hökumət sözçüsü” olan Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu, habelə iqtisadiyyat naziri Nişimura Yasutoşi, kənd təsərrüfatı naziri Miyaşita İçiro və daxili işlər naziri Suzuki Junji öz vəzifələrini tərk ediblər. Kişida Fumionun kabinetində yüksək rütbəli nazir müavinləri və parlamentin nazir müavinlərinin də istefa verdiyi bildirilib.
Baş nazir Kişida bu iddiaları “olduqca uğursuz” adlandırıb və “xalqın siyasətə sarsılmış inamını bərpa etmədən” siyasi sabitliyin əldə edilə bilməyəcəyinə inandığını bildirib.
LDP daxilində ən böyük fraksiya kimi tanınan “Seiva”ya mənsub 4 nazir, 5 yüksək səviyyəli nazir müavini və 6 parlament nazir müavini var idi.
Yaponiyada 2022-ci ilin iyulunda iştirak etdiyi seçki kampaniyası zamanı silahlı hücum nəticəsində dünyasını dəyişən keçmiş baş nazir Abe Şinzo ölkə tarixində bu vəzifədə ən uzun müddət xidmət edən şəxs olub.
Gununsesi.info