Yaponiyada 40 minə yaxın insan təkbaşına ölüb

Yaponiyada 2024-cü ilin ilk yarısında 40 minə yaxın insan evlərində tək ölü tapılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu rəqəmin təxminən 10 faizi öldüyü 1 aydan çox vaxt keçmiş insanlardır.

Bildirilir ki, ölümündən bir il sonra 130 nəfər tapılıb.

BMT-nin məlumatına görə, Asiya ölkəsi Yaponiya hazırda dünyanın ən yaşlı əhalisinə sahibdir.

2024-cü ilin ilk ayını əhatə edən hesabatda tək yaşayan 37 min 227 nəfərin evdə ölü tapıldığı və onların 70 faizindən çoxunun 65 və yuxarı yaşda olan insanlar olduğu bildirilib. Məlumata görə, evdə tək ölənlərin 40 faizinin eyni gündə aşkarlandığı təxmin edilir.

Bir aydan çox müddətdə təsbit edilə bilən cəsədlərin sayı 3 min 939 olaraq verildi. Evdə tək yaşayarkən ölənlərin ən böyük qrupu 7498 ölümlə 85 və daha yuxarı yaşda olan insanlardır.

Bu qrupu 75-79 yaş arası 5 min 920 adam izlədi. Tapılan cəsədlərin 5635-i 70-74 yaş arasında olan şəxslərdir.

Yaponiya ictimai yayımı NHK-nın məlumatına görə, hesabat iddiasız ölümləri araşdıran parlament komissiyası ilə paylaşılacaq.

Bu ilin əvvəlində Yaponiya Əhali və Sosial Təminat Tədqiqat İnstitutu bildirmişdi ki, 2050-ci ilə qədər tək yaşayan 65 və yuxarı yaşda olan insanların sayının 10,8 milyona çatacağı gözlənilir.

Eyni ildə tək nəfərlik ev təsərrüfatlarının ümumi sayının 23,3 milyona çatacağı təxmin edilir.

Yaponiya uzun müddətdir ki, əhalinin qocalması və azalması ilə mübarizə aparmağa çalışır.

Hökumət aprel ayında ölkənin uzun müddətdir davam edən tənhalıq və təcrid problemini həll etmək üçün qanun layihəsi təqdim edib.

Bəzi qonşu ölkələr də oxşar demoqrafik problemlərlə üzləşirlər.

Məlumata əsasən Çinin əhalisi 2022-ci ildə 1961-ci ildən bəri ilk dəfə olaraq azaıb.

Qeyd edək ki, Cənubi Koreya da dəfələrlə dünyada ən aşağı doğum səviyyəsinə malik ölkə kimi qeydə alınıb.

 

 

 

Afət

Gununsesi.info