Yaponiya əhalisi əvvəlki ilə nisbətən 595 min nəfər azalaraq 124 milyon 352 min nəfərə düşüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin dərc etdiyi məlumatlara görə, ölkənin əhalisi son 13 ildə dəfələrlə azalıb.
Ölkə daxilində yaşayan əcnəbilər nəzərə alınmasa, Yaponiya əhalisi əvvəlki ilə nisbətən 837 min azalaraq 121 milyon 193 min nəfərə çatıb.
1950-ci ildən sonra qeydə alınan məlumatlara görə, bu, ən böyük azalma idi.
Yaşı 65-dən yuxarı olan əhalinin sayı 36 milyon 227 min nəfərə, 75 yaşdan yuxarı olanların sayı 20,08 milyona yüksəldiyi halda, 0-14 yaş arası əhalinin sayı azalaraq 14 milyon 173 min nəfərə çatıb.
“Əmək qabiliyyətli yaş” hesab edilən 15-64 yaş arası əhali əvvəlki ilə nisbətən 256 min nəfər azalaraq 73 milyon 952 min nəfər hesablanıb.
Yaponiyanı təşkil edən 47 inzibati rayon arasında əhalisi 0,34 faiz artan yeganə bölgə paytaxt Tokio olub.
Ən çox əhali itkisi isə şimal-şərqdəki “Tohoku” bölgəsində yerləşən Aomori, İvate və Yamaqata prefekturalarında baş verib.
Qeyd edək ki , ölkədə yaşayan əcnəbi əhalinin sayı 243 min nəfər artaraq 3,16 milyon nəfərə çatıb.
Şəbnəm
Gununsesi.info