
Yaponiyanın şimal-şərq rayonlarının sakinləri 2011-ci ildə baş vermiş zəlzələ və sunami nəticəsində itkin düşən qohumlarının axtarışlarını davam etdirirlər.
Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, martın 10-da, faciənin altıncı ildönümünə bir gün qalmış həlak olanların qohumları da daxil olmaqla təqribən 50 nəfər könüllü Miyaqi prefekturasının Kesennuma şəhərinin Suqinoşita rayonunda axtarış işlərində iştirak edib.
Həmin rayonun 74 sakini yüksəklikdə quraşdırılmış təxliyə obyektində olmalarına baxmayaraq, nəhəng sunami dalğaları onları ağuşuna alıb. Həmin sakinlərdən 19-u hələ də itkin sayılır. Bu rayonun sakinlərinin 30 faizi həmin təbii fəlakət zamanı həlak olub.
Martın 10-da axtarış işlərindən əvvəl, iştirakçılar burada faciənin qurbanlarına həsr olunan abidənin önündə dualar oxuyublar. Bundan sonra yaxınlıqdakı çimərliyə yollanaraq, burada daşların arasında və qumluqda yaxınlarının yerini dəqiqləşdirməyə kömək edəcək əşyaları axtarıblar. Könüllü dalğıclar da sahilin yaxınlığında, dənizin dibində axtarış işlərinə yardım ediblər.
Gununsesi.info