
Parlament qarşısında dövlət büdcəsi barədə hesabatın verilməsi hökumətin şəffaf işləməsinin göstəricisidir.
Gununsesi.info xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bugünkü sessiyasında 2016-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
O, mart ayında ötən ilin dövlət büdcəsinin müzakirə edildiyini qeyd edib və hansısa məsələnin geniş şəkildə müzakirə edilməsinə ehtiyac olmadığını vurğulayıb.
Deputat bildirib ki, yaranmış vəziyyət Azərbaycanla yox, dünyada baş verən proseslərlə bağlıdır: “Azərbaycandan böyük ölkələr var ki, məsələn Çində ÜDM aşağı düşür, devalvasiya baş verir”.
Əhali ilə banklar arasında yaranan problemlərdən danışan deputat qeyd edib ki, bu kreditləri verən kommersiya banklarıdır. S.Novruzov bildirib ki, insanlar bankdan kredit götürərkən müqaviləni oxumalıdır və bilməlidir ki, nəyi imzalayır: “Konstitusiya Məhkməsi fərdlərin mübahisəsini həll etmir, bankla insanlar arasında yaranmış problemə ayrı-ayrı məhkəmələrdə baxılır. Vətəndaş götür-qoy etməlidir ki, bu krediti qaytara biləcək ya yox. Bu zaman onun evini, maşınını girov qoymasına ehtiyac qalmayacaq”.
Deputat əlavə edib ki, ölkədə tikinti işlərinin reallaşdırılmasına başlanılıb. Bu da öz növbəsində, yeni iş yerlərinin açılmasına şərait yaradır.
Mürtəza
Gununsesi.info












