“Tarix və mədəniyyət abidələrinin qorunması nə qədər vacibdirsə, onların düzgün tanıdılması da bir o qədər vacibdir. Hər il ölkəmizə çoxsaylı xarici turistlər gəlir və onlara tarixi abidələrimizi doğru tanıtmaq önəmlidir. Bu, həm də, daxili auditoriya üçün vacibdir”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» qanuna dəyişikliklər edilməsi məsələsinin müzakirəsi zamanı deyib.
H. Babaoğlu bildirib ki, İslama qədərki tarixi abidələrimiz üzərində olan tanıtım lövhələri bəzi hallarda tarixi reallığı əks etmir.
“Biz bilirik ki, IV əsrdə xristianlıq Azərbaycanda rəsmi dövlət dini kimi qəbul edilib. O vaxtlar tikilən monastrlar, kilsələr bizim əcdadlarımızın yaratdıqları mədəniyyətdir, xristian keçmişimizin mədəniyyətidir. Təəssüf ki, bu mədəniyyət abidələri sanki başqa xalqa aid mədəniyyət abidələri kimi tanıdılır. Onların üzərində lövhələr yazılarkən adlar təhrif edilir, ən yaxşı halda isə «Albaniya» yazılır ki, fikrimcə, bu da doğru deyil. Əslində, bu «Albaniya» da deyil, «Ağvaniya»dır. «Albaniya» adı XVIII əsrdən sonra rus tarixşünaslığının Azərbaycan tarixinə sırıdığı bir addır. Hesab edirəm ki, burda da düzəliş aparmaq lazımdır. Digər tərəfdən, bu abidələrin məhz bizim əcdadlarımızın yaratdığı mədəniyyət nümunələri kimi təqdim olunmasına ehtiyac var. Düşünürəm ki, bu çox vacibdir”- deyən millət vəkilinin sözlərinə görə, Azərbaycan yeganə ölkədir ki, tarixin müxtəlif mərhələlərində burda iudaizm də, xristianlıq da, İslam da rəsmi dövlət dini səviyyəsində mövcud olub.
“Biz hər bir mərhələdə yaratdığımız tarixə sahib çıxmalıyıq və onu olduğu kimi təqdim etməyi, tanıtmağı bacarmalıyıq”- deyə, H. Babaoğlu vurğulayıb.
Gununsesi.info