Yarim milyon adam Ermənistanı tərk edə bilər

  • By admin
  • 01 Mart 2021 11:10

Ermənistanda həmişə keçmişdən danışırlar, amma ölkənin gələcəyini müzakirə etmirlər. “Belə bir variant var ki, biz 1,5-2 milyon insanın qaldığı çox sakit, çox da fəal olmayan, xaricdəki erməni diasporundan elə həmişəki 2 mlrd. dollar yardımın göndərildiyi bir yerə çevrilə bilərik”, bu barədə RBK-yə müsahibəsində Rusiyalı biznesmen, “Troyka dialoq” şirkətinin keçmiş sahibi Ruben Vardanyan bildirib.

O, bu ssenarini “tamamilə gerçəkçi” hesab edir, belə ki, onda olan məlumata görə, 200 min nəfər elə bu il Ermənistanı tərk etmək niyyətindədir, daha 200-300 min nəfər isə bu barədə düşünür. Respublika əhalisinin sayı hazırda 3 milyondan bir qədər azdır. “Bu insanlar səsvermədə iştirak etmirlər. Onlar özlərinin və ya övladlarının bu ölkədə uğur əldə edəcəyinə inanmırlar”, Vardanyan belə hesab edir.

Onun sözlərinə görə, bu ssenaridə ölkədə passiv insanlar qalacaq. Onlar pis yaşayacaq, amma ümumilikdə hər şeydən razı olacaq. “Buna (xaricdən gələn pula) öyrəşirsən. Bu, narkotik kimidir”, deyə o qeyd edib.

Vardanyanın fikrincə, hələ də Ermənistanın dövlət və cəmiyyətin qarşılıqlı fəaliyyətinin nadir uğurlu nümunəsinə çevrilə biləcəyi başqa bir ssenari də mümkündür. Amma bu halda, biznesmenin fikrincə, diasporun ölkənin həyatında daha fəal iştirakına ehtiyac var. “Sadəcə Moskvadan, Piterdən, Parisdən və ya Los-Ancelesdən tənqid etmək, burada vəziyyətin necə pis olduğunu demək  və ya az miqdarda pul göndərib, vicdanının təmiz olduğunu düşünmək deyil. Onlar durub gəlməyə – özü də nazir vəzifəsinə yox, kəndə qayıtmağa hazırdırlar?”, deyə Vardanyan sual edir. -02D-