Yasamal Rayon İcra Hakimiyyətinin başçısı qazilərlə görüşüb -FOTO

Vətən müharibəsi iştirakçılarının problem və qayğılarını operativ qaydada həll etmək məqsədilə Yasamal rayon İcra Hakimiyyətində qazilərlə silsilə görüşlər davam edir. Növbəti belə görüş Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başladı. Görüşü giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğuladı ki, cənab Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Vətən müharibəsi iştirakçıları ilə işin təşkilinə xüsusi diqqət ayrılır. İcra Hakimiyyətinin başçısı çıxış edərək 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfərdən,  şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışdı. Qələbənin şəhidlərimizin canı, qazilərimizin qanı, ordumuzun qəhrəmanlığı və Ali Baş Komandanın uğurlu siyasəti hesabına qazanıldığını diqqətə çatdıraraq qeyd etdi ki, ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi və onların rifah halının yaxşılaşdırılması dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir.

Görüşdə qaziləri narahat edən məsələlər və onların həlli yollarına xüsusi diqqət ayrıldı. Əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, ailə biznesinə dəstək, rayon üzrə qeydiyyat, mənzil növbəsi və digər sosial məsələlər ətrafında geniş və səmimi fikir mübadiləsi aparıldı. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan məsələlərin qısa müddətə həllinə dair göstərişlər verdi, digər qurumlara aid məsələlərlə bağlı isə müvafiq müraciətlərin ediləcəyini bildirdi.Eyni zamanda bildirildi ki, bu sahədə mövcud olan problemlərin aradan qaldırlmasında bütün sosial yük yalnız dövlət idarələrinin üzərinə qoyulmamalı, yerli biznes də cəmiyyət qarşısında öz sosial məsuliyyətini dərk etməlidir.

Vətən müharibəsi qaziləri onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdilər.Yasamal rayon İcra Hakimiyyətində qazilərlə silsilə görüşlər davam edir.