Yasamal rayonunda Qadınlar Günü qeyd edildi -Fotolar

8 mart Beynəlxalq qadınlar günü münasibətilə Yasamal rayon İcra Hakimiyyətində rayonun xanım fəallarının toplantısı keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova 8 mart Beynəlxalq qadınlar gününün tarixindən və müasir dünyada qadınların rolundan bəhs edib.

Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edib.

İcra başçısı xanımları təbrik edərək onlara uzun ömür, möhkəm cansağlığı və qadın səadəti arzulayıb. İcra Hakimiyyətinin başçısı xanımların Azərbaycan cəmiyyətində oynadığı rola toxunub və qeyd edib ki, onlar hər zaman cənab Prezident İlham Əliyevin diqqət və qayğısını görürlər.

Bu gün qadınlarımız, gənc qızlarımız sərbəst təhsil alır, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər.

Dövlət qadın siyasətinin həyata keçirilməsində isə Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın dəstəyi xüsusi qeyd edilməlidir.

Onun təşəbbüsü ilə həyata keçirilən uşaq və qadın hüquqlarının müdafiəsi, aztəminatlı ailələrə dəstək, səhiyyə, elm, təhsil, mədəniyyət, ekologiya və digər sahələrlə bağlı irimiqyaslı layihələr insanların sosial rifahının yaxşılaşmasına müsbət təsirini göstərir.

Bu gün azad edilmiş torpaqlarımızda Mehriban xanımın təşəbbüsü ilə tarixi, dini və mədəni abidlərimiz bərpa edilir.

Öz çıxışında Elşad Həsənov şəhid anaları və şəhid həyat yoldaşlarına üz tutaraq qeyd edib ki, 2020-ci ilin Vətən müharibəsi zamanı biz torpaqlarımızı azad etdik və bu qələbəyə məhz şəhid anaları sayəsində nail olduq, çünki o cəsur ogulları analar dünyaya gətirib, böyüdüb və tərbiyyə ediblər.

Bildirilib ki, bizim şəhid və qaziləri məhz analar vətənpərvər ruhda böyüdüb. Şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına ən səmimi arzular çatdırılıb.

Sonda qeyd olunub ki, müasir dövrdə xanımlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir. Onlar elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə yüksək nailiyyətlər qazanırlar.

Tədbirdə şəhid anaları, şəhid xanımları və ailə üzvləri ilə yanaşı, həmçinin pedaqoji və tibbi sahəni, habelə dövlət idarəetməni təmsil edən xanımlar iştirak edib.

Tədbirin sonunda xatirə fotosu çəkilib.