27 sentyabr Anım Günü bütün ölkə ərazisində olduğu kimi Yasamal rayonunda da geniş şəkildə qeyd edilib.
Gununsesi.info xəbər verir ki, bununla əlaqədar Yasamal rayon ictimaiyyəti öncə Birinci Qarabağ və Vətən müharibələrində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş Memorial Kompleksinin önündə toplaşıb.
Daha sonra Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə ehtiram əlaməti olaraq 2-ci Fəxri Xiyabanda şəhidlərimizin məzarları ziyarət edilib.
Ətraflı
Mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ali məktəb rektorları,Yasamal bələdiyyəsinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər. Burada şəhidlərin ruhuna dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub.
Şəhidlərimizin əziz xatirəsi yad edilib. Burada Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrinin üzvlərinə baş sağlığı verərək, onlara təsəlli verib. Şəhid ailələrinin üzvləri dövlət səviyyəsində diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildiriblər.
Daha sonra Təzə Pir məscidində ehsan süfrəsi açılıb. Şəhid ailələrinin üzvləri, qazilər, aztəminatlı şəxslər və ictimaiyyət nümayəndələrinin geniş iştirakı ilə mərasimdə Qurandan ayələr oxunub, şəhidlərin əziz xatirəsi yad edilib.