Yasamalda su xəttinin partlamasının fəsadları: “İçəri daxil olmağa icazə verilmir” – YENİLƏNİB + FOTO/VİDEO

“İçəri daxil olmağa icazə verilmir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Yasamalda magistral su xəttinin partladığı ərazidə yerləşən obyektin sahibi deyib.

Onun sözlərinə görə, təxminən bir ay əvvəl burada qazıntı işləri aparılırmış:

“Obyektim sağlamlıq mərkəzi idi. Sığortası var. Amma aparatların ayrılıqda sığortası yoxdur. Hamısına ziyan dəyib”.

11:32

“Bütün avadanlıqlar yararsız hala düşüb”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Yasamalda magistral su xəttinin partladığı ərazidə yerləşən fitnes mərkəzinin sahibi Mahmud Ələkbərov deyib.

Sahibkarın sözlərinə görə, sığorta şirkətinə müraciət etsə də, hələ ki maraqlanan yoxdur:

“Səhər saatlarında, 08:20-də zalda idim. Məndən başqa heç kəs yox idi. Suyun səsinə çölə çıxdım. Su binanın içinə doldu. Özümü itirdim. Ancaq özüm çıxa bildim. Heç nəyi xilas edə bilmədim. Təkcə qaçış aparatının qiyməti 10 000 manatdır. 200 000 manata yaxın ziyan dəyib”.

Sahibkar Mustafa Mirzəyev isə bildirib ki, ona məxsus iki obyekt yararsız hala düşüb.

Onun sözlərinə görə, sığorta şirkətindən hələ ki heç bir xəbər yoxdur:

“Hadisədən səhər saatlarında xəbərim oldu. Obyektlər suyun içində idi. Yuxarı tərəfdən boru partladığına görə bütün su bura axıb. Obyektlərimdən birində əl işi olan paltarlar var. Hamısı yararsız hala düşüb. Digər obyektim SPA mərkəzi idi. Oradakı avadanlıqlara da ciddi ziyan dəyib”.

11:14

“Bir neçə obyektə ziyan dəyib”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Yasamal Rayon Dövlət Yanğından Mühafizə hissəsinin rəisi polkovnik Rəşad Nəsirov deyib.

Onun sözlərinə görə, suyun çəkilməsi iki saata yekunlaşacaq:

“Qəza nəticəsində ətraf əraziləri su basıb. Suyun çəkilməsi davam edir. Suyun səviyyəsi 60 sm aşağı düşüb. Nə qədər obyektə ziyan dəydiyi məlum deyil. Proses iki saata yekunlaşacaq. Üç avtomobil cəlb olunub. Bir neçə obyektə ziyan dəyib”.

11:02

“Heç bir yerdə su təczihatı dayandırılmayıb”.

Bunu Oxu.Az-a açıqlamasında “Azərsu” ASC-nin operativ idarəetmə şöbəsinin rəisi Yaşar Bəşirov deyib.

Onun sözlərinə görə, gün ərzində suyun verilməsində heç bir çətinlik yaranmayacaq:

“Hadisə səhər saatlarında Əsəd Əhmədov küçəsində baş verib. Təbii qəza hadisəsidir. Qəza briqadaları cəlb olunub. Qəzanın aradan qaldırılması üçün tədbirlər görülür. Heç bir çətinlik yoxdur. Kifayət qədər su anbarımız var. Qəza magistral kəmərdə olub. Bu su kəmərindən əhali birbaşa istifadə etmir. Xətt 2010-cu ildə çəkilib. Suyun verilməsində heç bir çətinlik yoxdur. Kifayət qədər suyumuz var. Heç bir şikayət yoxdur”.

10:14

“Paytaxtın Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xəttinin partlaması ilə əlaqədar olaraq yolun hərəkət istiqamətinin çökməsi, həmin küçə və prospektin digər paralel küçə və prospektlərlə hərəkət istiqamətlərində yolların müvəqqəti məhdudlaşdırılması tərəfimizdən həyata keçirilib, hərəkətin tam bərpa olunması aidiyyəti qurumların rəyinə əsasən təmin olunacaq”.

Bunu Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

“Yol polisi əməkdaşları hazırda ərazidə xidmətlərini aparırlar ki, hərəkət normal şəkildə tənzimlənsin. Vətəndaşlarımızdan, xüsusilə sürücülərimizdən xahiş edirik ki, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə müvəqqəti hərəkət istiqamətlərinin dəyişdirilməsini nəzərə alaraq bu ərazidən istifadəni maksimum məhdudlaşdırsınlar”, – deyə o vurğulayıb.

09:58

Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda partlayan magistral su xətti ilə bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, ərazidə qurumun müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.

08:38

“Azərsu” ASC Yasamal rayonunda partlayan magistral su xətti ilə bağlı daha bir açıqlama yayıb.

Gununsesi.info  xəbər verir ki, qurumun mətbuat xidməti Anar Cəbrayıllının verdiyi məlumata görə, qəza bu gün səhər saatlarında “+ 52 Alatava” və  “+ 82 Qərb” mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində baş verib:

“Dərhal “+ 52 Alatava” su anbarında nasosların fəaliyyəti dayandırılıb. Hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnika cəlb olunub. Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək”.

08:21

Bakıda magistral su xətti partlayıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə redaksiyamıza ərazidə yaşayan vətəndaşlar tərəfindən məlumat verilib.

Hadisənin paytaxtın Yasamal rayonu ərazisində baş verdiyi deyilir. Əhaliyə içməli suyun verilişi dayandırılıb.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, hadisə Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində qeydə alınıb:

“Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xətti partlayıb. Qəza nəticəsində xəttə suyun verilişi dayandırılıb. Hazırda qəza briqadaları əraziyə cəlb olunub, əhaliyə suyun verilişi dayandırılıb. Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür”.

Görüntüləri təqdim edirik:

 

Gununsesi.info