Yasamalın icra başçısı sakinlərlə görüşdü - FOTOLAR

  • By admin
  • 03 Fevral 2023 13:27

Yasamal rayonunda növbəti səyyar görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vətəndaşları dinləyib.

Səyyar qəbul rayondakı 158 saylı tam orta məktəbin akt zalında keçirilib. Görüşdə Yasamal rayonunun sakinləri, həmçinin RİH-nin əməkdaşları iştirak ediblər.

Elşad Həsənov sakinləri qarşılaşdıqları problemlər barədə ətraflı danışmağa çağırıb və ötən il keçirilmiş görüş və qəbullar barədə qısa məlumat verib. Bildirilib ki, 2022-ci il ərzində Yasamal RİH tərəfindən ümumilikdə 38 səyyar qəbul keçirilib və 520 müraciət qeydə alınıb. Bu müraciətlərin böyük əksəriyyəti öz həllini tapıb.

Daha sonra söz alan vətəndaşlar qəzalı evlərin təmiri, qurumuş ağacların budanması, su borularının yenilənməsi zamanı asfalt örtüyünün zədələnməsi, sakinlərin təbii qazla təchizatı, yaşayış binalarının həyətində söhbətgahların quraşdırılması, içməli su təminatı, məşğulluq, uşaqlar üçün həyətlərdə asudə vaxtının təşkili, mənzillərdə istilik sisteminin işi və bir sıra sosial məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildiriblər.

E.Həsənov sakinlərin suallarına ətraflı cavablar verib. Bir sıra məsələlər icra başçısının göstərişi ilə yerindəcə öz həllini tapıb. Qəbulda sakinləri narahat edən problemlər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılması üçün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verilib.





Gununsesi.info