“YAŞAT” mətbuat konfransı keçirir

  • By admin
  • 24 İyun 2022 11:22

7 saylı Bakı “ASAN xidmət” mərkəzində “YAŞAT” Fondunun fəaliyyətinə dair kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı təşkil olunub.

Gununsesi.info xəbər verir ki, tədbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli təqdimatla çıxış edib.

Təqdimatda “YAŞAT” Fondu tərəfindən müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və yaralılarımız üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatlar əks olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (//yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Gununsesi.info