Yasin Məmmədovun tələbi ilə 50 mini MTN-nin arxa qapısından verdim

  • By admin
  • 09 Fevral 2022 18:34

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi İstintaq Baş İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Gununsesi.info  xəbər verir ki, növbəti prosesdə vəkil Arif Həbibzadə sərbəst ifadə verib.

O bildirib ki, Əfsəl Həsənəliyev MTN-də həbsdə olarkən onun vəkili olub: “2013-cü ilin sentyabrında Əfsəlin arvadı Niyar Həsənəliyeva mənə zəng edib dedi ki, MTN əməkdaşları Əfsəli tutub. Cinayət işinin başlanması haqqında qərarın surətində yazırdılar ki, Əfsəl Həsənəliyev, Cahangir Məmmədov, Orxan Abdullayev, Məcid Anqubazov və digərləri Gürcüstan Respublikasından qaçaqmalçılıq yolu ilə külli miqdarda pirotexniki məmulatları Azərbaycan ərazisinə keçiriblər. 2013-cü ilin sentyabr – oktyabr aylarında MTN-in İstintaq Baş İdarəsində Yasin Məmmədov və Nadir Mustafayevin otaqlarında keçirilən istintaq zamanı Yasin Məmmədov bir neçə dəfə Əfsəldən mənim yanımda ondan pul istəyirdi. Yasin Məmmədov barmağı ilə 1 göstərdi. Soruşdum ki, 10 min istəyirsiz? Cavab verdi ki, 1-in yanına 5 sıfır qoy. Əlavə etdi ki, cənab nazirin göstərişidir, MTN-də 100 mindən aşağı pul alınmamalıdır”.

Şahidin sözlərinə təqsirləndirilən Yasin Məmmədov etiraz edib və Arif Həbibzadənin ünvanına təhqiramiz sözlər işlədərək yalan danışdığını deyib. Şahid isə təqsirləndirilən şəxsin yalan danışdığını deyib.

Növbəti şahid MTN-də müstəntiq işləmiş Anar Hacıyev olub. Anar Hacıyevin dindirilməsi Əfsəl Həsənəliyev MTN təcridxanasından buraxılandan sonra dəfələrlə onunla əlaqə saxlaması ilə bağlı olub. Zərərçəkən Əfsəl Həsənəliyev ifadəsində deyib ki, həbsdən azad ediləndən sonra müstəntiq Anar Hacıyev dəfələrlə onunla əlaqə saxlayıb. Həmin zənglərlə istintaq qrupunun rəhbəri Yasin Məmmədovun pulun qalan hissəsini gətirməsini tələb etdiyini deyib.

Məhkəmədə şahid qismində dindirilən Anar Hacıyev Əfsəl Həsənəliyev həbsdən azad ediləndən sonra dəfələrlə onunla əlaqə saxladığını təsdiqləyib. Deyib ki, Əfsəl Həsənəliyev həbsdən azad edildikdən sonra ona zəng etməkdə məqsədi MTN-ə dəvət edib iş üzrə rəylərlə tanış etmək olub.

Zərərçəkən Əfsəl Həsənəliyev isə deyib ki, Anar Hacıyev Yasin Məmmədovun rəis müavini olduğu idarədə müstəntiq işləyib: “Anar Hacıyev zəng edəndə də açıq-aşkar deyirdi ki, pulu istəyən Yasin müəllimdir, mən deyiləm”.

Şahid isə bildirib ki, Yasin Məmmədovun tapşırğı ilə Əsfəl Həsənəliyevi yığıb, amma ondan pul istəməyib.

Bundan sonra iş üzrə zərərçəkən, MTN-dən azad ediləndən sonra intihar etmiş mərhum Cahangir Məmmədovun hüquqi varisi olan qardaşı Arif Məmmədov şahid qismində ifadə verib:

“Qardaşım Cahangir beynəlxalq yük daşımaları ilə məşğul olurdu. 2013-cü ildə onu MTN-nin əməkdaşları tərəfindən tutmuşdular. Sonradan Cahangirin Əfsəl Həsənəliyev, Sərdar, Orxan, Məcid və Elman adlı şəxslərlə birlikdə Gürcüstandan pirotexniki məmulatları və yapışqan lentləri Azərbaycan ərazisindən tranzitlə keçirməklə İran İslam Respublikasına apararkən MTN əməkdaşları tərəfindən tutulduğunu öyrəndim. Hamı bildirdi ki, onların əməlində cinayət yoxdur. Amma Cahangiri 3 ay müddətinə həbs elədilər. O zaman işi Yasin Məmmədov aparırdı. Cahangir tutulduqdan təxminən 1 ay sonra Yasin Məmmədov qardaşım Məzahirə zəng edib öz xidməti otağına çağırmışdı. Orada Cahangiri həbsdən azad etməsi üçün Məzahirdən 100 min manat pul istəmişdi. Məzahir də demişdi ki, bizdə o qədər pul yoxdur. Məzahir MTN-dən çıxıb mənim yanıma gəldi. O zaman məndə 30 min manat pul var idi. 20 min manat da Oruc Cabbarovdan borc aldım. Növbəti görüş zamanı Yasin Məmmədov Məzahirə demişdi ki, rəhbərlikdən razılıq alıb və 80 min manat veriləcəyi təqdirdə Cahangiri həbsdən azad edəcəklər. Yasin Məmmədov 50 min manatı alsa da, Cahangiri azad etmədilər. Məzahirdən əlavə 30 min manat pul tələb edirdi. Yeznəmiz Süleyman həmin vaxt 23 min 500 manat pul verdi. Yerdə qalan 6 min 500 manatı isə Cahangirin arvadı Yeganə Məmmədova Hafiz adlı şəxsdən faizlə borc almışdı. Məzahir 30 min manat pulu da Yasin Məmmədova vermişdi. 80 min manat pul verildikdən sonra Yasin Məmmədov Cahangiri guya ağır xəstəlikdən əziyyət çəkməsinə dair məhkəmə-tibbi ekspertizasından rəy alıb həbsdən azad etdi”.

Arif Məmmədov deyib ki, qardaşı Cahangir Məmmədov həbsdən çıxandan sonra çox sıxıntı keçirib: “Bu gün bu adamlar burada törətdikləri cinayətləri boyunlarına almırlar. Amma cinayətləri ortadadır.

“Cahangir həbsdən çıxandan sonra özünə gəlmirdi. Ona qarşı törədilən cinayətlə barışa bilmirdi. Əvvəlcə özünü bıçaqladı. Sonra qollarını doğradı. Xəstəxananın 5-ci mərtəbəsində özünü atdı, həyatına son qoydu. Bu adamlar özlərini elə aparırlar ki, guya heç nə baş verməyib. Zərərçəkənlərdən aldıqları pullar hesabına özlərinə həyat qurub arvad-uşaqlarının əyninə pal-paltar alıb ortalıqda gəziblər. Bu cinayətlərə görə cavab verməlidirlər. Mənim qardaşımın ailəsi də dağıldı”.

 Cahangir Məmmədovun ölüm işi yenidən araşdırlsın!

Arif Məmmədov vəsatət verərək məhkəmədən xahiş edib ki, qardaşı Cahangir Məmmədovun ölüm ilə bağlı xitam olunmuş cinayət işi qanunamüvafiq olaraq istintaqa qaytarılmaqla yenidən araşdırılsın.

Mərhum Cahangirin Məmmədovun digər qardaşı Məzahir Məmmədov isə deyib ki, qardaşı İran, Ukrayna, Gürcüstan və Rusiya Federasiyasından sifariş verilən malları yük avtomobilləri ilə aidiyyəti ölkəyə daşımaqla məşğul olub: “2013-ci ilin sentyabrında MTN Cahangiri tutmuşdu. İş Yasin Məmmədovda idi. O zaman Yasin Məmmədov zəng eləyib məni MTN-ə çağırdı. Dedi ki, rəhbərliyin bu işdən xəbəri var, 100 min manat gətir, qardaşını buraxaq. O qədər pulumuzun olmadığını dedim. Həmin pulu toplamaq üçün metronun qabağında əl açıb dilənməli olduğumuzu da Yasinə dedim. MTN-dən çıxandan sonra qardaşım Arifin yanına getdim, dedim ki, Cahangirin azad edilməsi üçün Yasin Məmmədov 100 min manat pul tələb edir. Bir neçə gün sonra Yasin Məmmədov yenə zəng elədi, məni MTN-ə çağırdı. Yasin Məmmədovun iş otağına getdim, söhbət zamanı Yasin Məmmədov dedi ki, rəhbərliklə razılaşmışam, 80 min manat gətirin, Cahangiri xəstəliyinə görə həbsdən azad edək”. Yasin Məmmədova dedim ki, qohum əqrəbadan 50 min manat pul yığmışıq, verək Cahangiri həbsdən buraxın. Bundan bir neçə gün sonra Yasin Məmmədov mənə zəng elədi, dedi ki, 50 min manatı gətir, yerdə qalanı isə tapıb sonra gətirərsən, əgər gətirməsən qardaşını həbsdən buraxan deyilik! Yasin dedi ki, 50 min manatı götürüb MTN-in arxa qapısına gəl, adam göndərirəm, gəlib səndən pulu götürəcək. Ora getdim, bir qədər sonra bir nəfər avtomobilimə əyləşdi, dedi ki, onu Yasin Məmmədov göndərib. 50 min manat pulu alıb getdi. Səhəri gün Yasin Məmmədov yenə də mənə zəng elədi, yerdə qalan 30 min manatı da hazırlamasını tapşırdı. Yenidən pul topladıq, Yasin Məmmədova zəng edib pulun hazır olduğunu dedim. Yasin də dedi ki, pulu götür gəl həminki yerə, adam göndərəcəm, gəlib səndən götürəcək. Yenə MTN-in arxa qapısının yanına getdim, Yasin bu dəfə ona başqa bir nəfər cavan oğlanı göndərmişdi. Həmin 30 min manat pulu ona verdim. 1-2 gün sonra Cahangir həbsdən azad edildi”.

Bundan sonra vəkil Osman Kazımov Yasin Məmmədova bir neçə sual verib.

Məlum olub ki, Cahangir Məmmədov həbsdə olduğu zaman Yasin Məmmədov dəfələrlə onun qardaşı Məzahir Məmmədovla əlaqə saxlayıb. Vəkil Yasin Məmmədovun Məzahir Məmmədovla əlaqə saxlamasının səbəbini soruşub.

Yasin Məmmədov deyib ki, Məzahir Məmmədovla əlaqə saxlamaqda məqsədi Cahangir Məmmmədov üçün sovqat gətirilməsi ilə bağlı olub.

Osman Kazımovun “Məzahir Məmmədovu iş üzrə şahid qismində dindirmisinizmi?” sualına Yasin Məmmədov “Dindirməmişik” deyə cavab verib. Vəkil “Əgər şəxsi aparılan istintaq işi ilə baglı dindirməmisinizsə, onda Məzahir Məmmədovu hansı əsaslarla MTN-nin inzibati binasına istintaq idarəsinə dəvət edərək qəbul etmisiniz?” sualına Yasin Məmmədov “Onu ancaq ərzaq baglamalarının qəbulu ilə baglı qəbul etmişəm” cavabını verib. Vəkilin ” Əgər siz deyən həqiqətdirsə, nə üçün bu barədə istintaq təcridxanasının rəisi ilə danışaraq ərzaq baglaması məsələsini həll etmir, şəxsi qəbul edirdiniz?” sualına Yasin Məmmədov “İnsanı münasibət göstərirdim” cavabını verib.

Zərərçəkmiş Hüseyin Səfərovun şahid Məzahir Məmmədova “Yasin Məmmədovun cavabını eşitdiniz. O bildirir ki, sizi güya ərzaq qəbulu ilə baglı qəbul edib.Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq şahid Məzahir Məmmədov deyib ki, Yasin Məmmədov yalan danışır. Onun sözlərinə görə, qardaşı həbsdə saxlanıldığı müddətcə hər həftənin 2-ci günü təcridxanaya sovqat aparıblar. Hər dəfə də sovqatı normal şəkildə qəbul ediblər. Heç bir məhdudiyyət qoyulmayıb. “Yasin Məmmədov məni rüşvətlə baglı söhbətə dəvət edib”, – deyə o əlavə edib.

Hüseyin Səfərovun bu sualından sonra Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov və Yasin Məmmədov zərərçəkmiş Hüseyin Səfərova kobud sözlərlə müdaxilə etdilər. Məhkəmə prosesində gərginlik yarandı.

Mərhum Cahangir Məmmədovun digər qardaşı Arif Məmmədov da Yasin Məmmədovun yalan danışdığını deyib: “Siz bizim kimi kişilərin hesabına arvadlarınıza, qızlarınıza pal-paltar almısız, burada da üzümüzə dirəşirsiz. Gözünün içinə qədər yalan danışırsan Etdiyiniz əməldən peşman olmaqdansa bizi hələ təhdiid də edirsiniz”.

Digər şahid isə Süleyman Məmmədov oldu. O, Cahangir Məmmədovun yeznəsidir. Cahangir Məmmədovun həbsdən azad edilməsi üçün yaxınlarına borca pul verdiyini deyib. Növbəti şahid Oruc Cabbarov da Cahangir Məmmədov həbsdə olarkən yaxınlarına borca pul verib.

Şahid ifadəsində deyib ki, 2013-cü ilin oktyabrında Arif Məmmədov ona zəng edib: “Dedi ki, qardaşı Cahangirin işinə görə MTN-də onlardan pul istəyirlər. Dedi ki, çox pul lazımdır, sən nə qədər verə bilərsən? Mən də cəmi 20 min manat pulumun olduğunu dedim. Pulu evdən götürüb Arifə verdim. Arif həmin vaxt dedi ki, Cahangiri həbsdən azad etmək üçün MTN-də onlardan 100 min manat pul istəyirlər. Lakin pulu istəyən MTN əməkdaşının kim olduğunu demədi. 2013-cü ilin dekabr ayında Cahangirin həbsdən buraxıldı. Onu müflis etmişdilər, çətin duruma salmışdlar. 2015-ci ildə eşitdim ki, Cahangir bu işlə baglı rüşvət verilmiş pullarla əlaqədar borcları ödəyə bilmədiyi üçün intihar edib”.

Bundan sonra proses fevralın 15-nə qədər təxirə salınıb.