Yastıpəncəlik nədir, formaları və müalicəsi

  • By admin
  • 31 Mart 2021 21:21

Əgər siz də yastı pəncəlikdən şikayət edirsizsə, ayaq üstə durduğunuz zaman pəncənizin yerlə tam təmas halında olduğu görüntü ilə tanışsınız. Normal yetkin insan ayağında 26 sümüyü birləşdirən 33 oynaq, 100-dən çox əzələ, vətər (tendon) və bağlar var. Ayaq vətərləri  gərgin lent şəklində pəncə və daban sümüklərinə yapışaraq pəncə tağı dediyimiz hündürlüyü əmələ gətirir. Tendonlar kifayət qədər gərgin olmadıqda ayaq altındakı qövs azalır və yastı pəncəlik yaranır. Belə vəziyyət həm böyüklərdə, həm də uşaqlarda görülə bilər. Ayaq qövsü (tağ) insanın yeriməsinə və addım atmasına təsir göstərir. Pəncə tağının mövcudluğu bədən ağırlığının ayaqda bərabər paylanmasına kömək edir. Tağlar müxtəlif səthlərə uyğunlaşmaq üçün elastik və möhkəm/güclü olmalıdır.

Yastipencelik nedir?

HTML tutorial

Yastı pəncəlik gün ərzində fiziki fəaliyyət zamanı insanlara narahatlıq və ağrı verə bilər.

YASTIPƏNCƏLİK ƏLAMƏTLƏRİ

Yastı pəncəliyin əsas simptomları ağrı və kosmetik görünüşdə müşahidə edilən deformasiyadır. Ağrı qaçış, idman və digər fiziki fəaliyyət zamanı artır. Pəncə və ayaq altında hiss edilən ağrı şiddətli olarsa, yeriməkdə belə çətinlik yarada bilər. Bəzi hallarda iç topuq və pəncə tağı boyunca şişkinlik müşaiyət oluna bilər. Yastı pəncəlik hesabına yeriş və duruşda yaranan qeyri-sabitllik bədənin bud çanaq və diz oynaqlarına həddən artıq yük/stress düşməsinə səbəb olur. Belə halda beldə və bədənin digər aşağı ətraf oynaqlarında ağrı olur. Xəstələr əksər hallarda ayaqqabılarının tez aşınmasından və genişlənməsindən şikayətlənirlər. Pəncə tağının olmaması xəstələrdə “yastı pəncəlik yeriyişinə” səbəb olur.

YASTI PƏNCƏLİK HANSI SƏBƏBLƏRDƏN YARANIR?

Yetkin insanlarda yastıpəncəlik müxtəlif səbəblərdən yarana bilər:

  • Genetik-irsi faktorlar
  • Bağların yumşaq olması
  • Zəif və ya yırtılmış vətərlər
  • Sümüklərin sınıq vəya çıxıq olması
  • Tarsal koalisiya- sümüklərin anadangəlmə bitişik olması
  • Revmatoid artrit xəstəliyi
  • Beyin iflici, əzələ distrofiiyası kimi bəzi sinir-əzələ sistemi xəstəlikləri
  • Çəki artımı və piylənmə
  • Hamiləlik
  • Qocalma

POSTERİOR TİBİAL TENDON (VƏTƏR) DİSFUNKSİYASI

Posterior tibial tendon disfunksiyası

Posterior tibial tendon disfunksiyası

Posterior tibial tendon ayağın əsas dəstəkləyici strukturlarından biri olub qövsün əmələ gəlməsində əsas rol oynayır. Posterior tibial tendon disfunksiyası (PTTD) çatışmazlığı, yetkin yaşda əldə edilən yastı pəncəlik deformasiyasının ən çox görülən səbəbidir. PTT-un həddən artıq yüklənməsi və iltihablanması nəticəsində yaranan tendon çatışmazlığı ətrafdakı bağ quruluşlarına təsir edir və nəticədə tağın deformasiyasına səbəb olur.

Daha çox yetkinlərdə gördüyümüz bu simptomlar qaçış, gəzinti, və ya pilləkən qalxıb enmək kimi fəaliyyətlərdən sonra görülür. PTTÇ ümumiyyətlə progressiv olur, yəni xüsusilə erkən vaxtlarda müalicə olunmazsa ağırlaşma davam edir. 

Posterior tibial tendon çatışmazlığı

UŞAQLARDA YASTI PƏNCƏLİK

Bütün uşaqlar yastı pəncəliklə doğulurlar. Pəncə tağı uşaqlarda 3 yaşdan sonra tədricən formalaşmağa başlayır. Vətərlərin möhkəmlənməsi və qövsün meydana gəlməsi üçün vaxt lazımdır. Bəzən körpələrin ayağında olan əlavə yağ toxuması tağı gizlədə bilər.

Usaqlarda yastipencellik

YASTI PƏNCƏLİK NÖVLƏRİ

Yastıpəncəlik iki formada – sərt və elastik (yumşaq) görülə bilər. Sərt yastıpəncəlik çox zaman sümük deformasiyası, tarsal koalisiya (ayaq sümüklərinin birləşməsi), anadangəlmə və irsi səbəblərə bağlı olaraq meydana gəlir. Elastik yastıpəncəlik zamanı pəncə tağı ayağınız yerlə təmas etmədiyi zaman – ayağınızı yuxarı qaldırdıqda, ayaq ucunda durduqda görünür. Lakin ayaqda bədən çəkisini daşıdığımız zaman itir. Belə tip yastı pəncəliyə daha çox uşaqlarda rastlaşırıq.

YASTIPƏNCƏLİK DİAQNOZU NECƏ QOYULUR?

Yastı pəncəlik simptomları ilə həkimə müraciət edən xəstələr ilkin olaraq fiziki müayinədən keçirlər. Həkim ailədaxili tibbi vəziyyət haqda məlumat alır, ailənin digər fərdlərində belə bir şikayətin olub-olmadığını araşdırır. Kliniki müayinə zamanı mütəxəssis həkim ayağı öndən və arxadan, həmçinin gəzərkən və barmaq ucunda dayanan zaman müşahidə edir.

Yastipencellik testi (Barmaq ucuna qalxma)

Barmaq ucuna qalxma testi

Yastipencellik testi (Too many toes testi)

Too many toes testi

Yastipencellik testi (Toe raise Jack testi)

Toe raise Jack testi

Kliniki testlərdən sonra ümumi sümük quruluşunu görmək və yastı pəncəlik mənşəyini öyrənmək üçün rentgen müayinəsi istənilir.

YASTIPƏNCƏLİYİN MÜALİCƏSİ

Yastı pəncəliyin müalicə növü onun yaranma səbəbindən, deformasiyanın ciddiliyindən və ağrıdan asılı olaraq dəyişir.

  • Artıq piylənmədən əziyyət çəkən və bu səbəblə ayağında düzlük meydana gələn xəstələrdə artıq çəkini azaltmaq şikayətlərin azalmasına kömək edir.
  • Fiziki fəaliyyətin məhdudlaşdırılması: Xəstənin şikayətlərini azaltmaq məqsədilə 3 həftəlik istirahət və simptomları ağırlaşdıracaq hərəkətlərdən uzaq durmaq məsləhət görülür. Ayaq biləkliyi və əsa istifadə məsləhət görülür.
  • Ağrıların azaldılması: Vətərlərdə inflammasiya və zədələnmə prossesi varsa, ağrı şiddətlidirsə, bu zaman xəstəyə ayaq biləkliyi və qeyri steroid- iltihabəleyhinə ağrı kəsici preparatlar (tablet və gel) verilir.
  • Fizioterapiya müalicəsi: Fizioterapevt müşaiyəti altında ayaq əzələlərini gücləndirmək və müəyyən prosedurlar etmək ağrıları və digər şikayətləri azalda bilər.
  • Düzgün ayaqqabı seçimi: Ümumiyyətlə ağrı əlamətləri olan xəstələrə rahat və geniş ayaqqabı seçimi məsləhət görülür. Xüsusilə qadınlar, pəncə qövslərini dəstəkləyəcək yüngül və az hündürlüyü olan ayaqqabılar geyinərək gün ərzində onları narahat edəcək simptomları azalda bilərlər.
  • Ortez və dabanlıqlar: Pəncə tağını formalaşdırmaq məqsədilə həkim tərəfindən ortez və ayaqqabı içlikləri təyin edilir. Bunlar yastı pəncəlik növünə görə fərdi ya da qəlibləşmiş – hazır dabanlıqlar ola bilər.
  • Uşaqlarda yastı pəncəlik müalicəsi: Körpələrin 3 yaşa qədərki dövrdə müşahidə əsas rol oynayır. Dəstək olaraq fərdi hazırlanan ayaqqabı içlikləri təyin edilə bilər. Bununla yanaşı tağ formalaşdırmağa kömək edəcək müvafiq idman hərəkətləri də məsləhət görülür.

YASTIPƏNCƏLİYİN CƏRRAHİ ÜSULLA MÜALİCƏSİ

Konservativ müalicənin fayda vermədiyi şiddətli ağrı və deformasiya halında cərrahi müalicə növü məsləhət görülür. Vətər qopmalarında və sümük qüsurlarında tətbiq ediləcək cərrahi üsul müvafiq testlər edildikdən sonra təyin edilir.

  • Zədələnmiş və qopmuş vətəri təmir etmək
  • Pəncə tağını formalaşdırmaq məqsədilə vətər köçürülməsi (tendon transferi)
  • Ayağın digər tərəfində yerləşən tendonun ayaq tağını qoruması və asqıda saxlaması üçün iç tərəfə köçürülməsi
  • Bir və ya bir neçə pəncə sümüyünü birləşdirərək qövs düzəldmək (artrodez)
  • Sümük vəya sümük çıxıntılarının kənarlaşdırılması (eksiziya)
  • Pəncə sümüklərinin kəsilib yenidən formalaşdırılması (osteotomiya)
  • Parça tendon istifadə edilərək digər tendon uzunluğunun bərpa vəya əvəz edilməsi
  • Əgər Axil vətəri qısadırsa cərrahi olaraq uzadılmaqla ağrılar azala bilər
  • Tendonu əhatə edən tendon qılıfının təmizlənməsi (sinovektomiya)
  • Pəncə bayır sümüklərini qreft vasitəsilə uzadaraq tağın normal vəziyyətə gətirilməsi (lateral kolon uzadılması)
Gununsesi.info