Yavər Camalovun qardaşının məhkəməsində vəkillər arasında MÜBAHİSƏ YARANIB

  • By admin
  • 23 Avqust 2017 12:56

yavercama230160726

Avqustun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə müdafiə sənayesi naziri Yavər Camalovun biznesmen qardaşı Əlikram Camalova qarşı dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin növbəti məhkəməsi olub.

Gununsesi.info-nun xəbərinə görə, iclasda şahid qismində zərərçəkmiş Əlikram Camalovun oğlu Əkbər Camalov ifadə verib.

O, deyib ki, təqsirləndirilən S.Nəbiyev borcundan yalnız 3500 manat verib: “Gəlib bizə “iş üçün maddi kömək edin” – dedi. Biz pulu verəndən sonra onunla müqavilə bağladıq. Müqaviləyə əsasən, o, bizə 1200 manat məbləğində pul qaytarmalı idi”.

Şahid Arzu Mərdanov isə deyib ki, təqsirləndirilən şəxslə qonşu mağazalarda işləyib: “Samir Nəbiyev Əlikram Camalovdan borca hissə-hissə pul götürmüşdü. Sonra ticarət zəiflədi. Samir də dükanı bağlamaq məcburiyyətində qaldı”.

Zərərçəkmiş şəxsin vəkili şahidə S.Nəbiyevin mağazasında təxminən neçə manatlıq mal olduğunu soruşub. Bu, təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifovun etirazına səbəb olub. C.Yusifov deyib ki, şahid S.Nəbiyevin mağazasında hansı miqdarda material olduğunu bilməz. Bundan sonra vəkillər arasında mübahisə yaranıb.

Hakim vəkillərə xəbərdarlıq edib. Növbəti iclas avqustun 30-da olacaq.

Qeyd edək ki, prokuror S. Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Ancaq iş üzrə məhkəmə istintaqı yenilənib.

Xatırladaq ki, ittihama görə, 2015-ci ildə S. Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklif edərək, ondan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına investisiya qoymasını istəyib. Əvəzində isə qazancın yarısını Ə. Camalova verəcəyini vəd edib.

Ə. Camalov razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. S. Nəbiyev isə vəsaiti mənimsəyərək Ə. Camalova pulu qaytarmayıb. Bundan sonra Ə. Camalov polisə müraciət edib. Təqsirləndirilən S.Nəbiyevə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb və onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. Zərərçəkmiş Əlikram Camalov kəndli fermer təsərrüfatının təsisçisi və müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.

Gülnaz Qənbərli

Gununsesi.info