Yaxın Şərqdə gərginlik artdı: İran İsrail kəşfiyyatını hədəfə aldı

  • By admin
  • 16 Yanvar 2024 11:20

Qəzzadakı müharibə səbəbiylə Yaxın Şərqdə gərginlik artarkən, dünən gecə ABŞ-ın Ərbildəki Baş Konsulluğu və Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiya bazası da daxil olmaqla bir çox bölgədə partlayış səsləri eşidilib.

Gununsesi.info xəbər verir ki, İran “bölgədəki terrorçu qrupların və casusların qərargahlarına ballistik raketlərlə hücumları çərçivəsində” İraqın Ərbil şəhərində İsrailin xarici kəşfiyyat təşkilatı “Mossad”ın qərargahını ballistik raketlərlə vurduğunu açıqlayıb. İran İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) verilən açıqlamada İŞİD terror təşkilatının Suriya ərazisindəki hədəfləri ilə yanaşı, İsrailin xarici kəşfiyyat təşkilatı “Mossad”ın İraqın Ərbil şəhərindəki qərargahının da ballistik raketlərlə hədəfə alındığı bildirilib.

Bildirilib ki, İsrail tərəfindən SEPAH komandirlərinin və İranın dəstəklədiyi milis qruplarının öldürülməsinə qarşı həyata keçirilən hücumlarda “Mossadın Ərbildəki əsas casus qərargahlarından biri, casusluq fəaliyyətlərinin və planlarının mərkəzi olub. İranda terror aktları məhv edilib”.

İraqın Ərbil şəhərindəki raket hücumları ilə bağlı xəbərlərdən sonra İran İnqilab Keşikçiləri Korpusu bölgədəki “anti-İran terror qruplaşmalarının və casusların qərargahını ballistik raketlərlə vurduğunu” açıqlayıb. Suriyadakı İŞİD hədəflərinin İrandan atılan ballistik raketlərlə bombalandığı da bildirilib.

Hücumların Kermanda İŞİD-in üzərinə götürdüyü kamikadze hücumu, Rask şəhərində təhlükəsizlik qüvvələrini hədəf alan hücum və Suriyada SEPAH-ın yüksək rütbəli komandirlərdən Razi Musəvinin öldüdürüldüyü hücumlara qarşı həyata keçirildiyi bildirilib.

İraq kürd regional rəhbərliyi Ərbildə bir çox nöqtədə həyata keçirilən və SEPAH-ın üzərinə götürdüyü hücumlarda 4 mülki vətəndaşın həyatını itirdiyini açıqlayıb və hücumlara bəraət qazandıran iddiaların “əsassız” olduğunu bildirib.

Açıqlamada hücumların İraq və KRG-nin “suverenliyinin açıq şəkildə pozulması” olduğu vurğulanıb və İraq mərkəzi hökuməti və beynəlxalq ictimaiyyəti “bu cinayətə qarşı səssiz qalmamağa” çağırılıb.

KRG baş naziri Məsrur Bərzani ballistik raket hücumlarını pisləyib və “bu vəhşi hücumları dayandırmaq üçün” çalışacaqlarını bildirib.

Bu arada ABŞ da İranın Ərbili hədəf alan raket hücumlarını qınayıb. Ağ Ev bəyan edib ki, raket hücumlarında heç bir ABŞ personalı və ya obyekti hədəf alınmayıb.

Gununsesi.info