
Beyrutda “Hizbullah”ın lideri Həsən Nəsrullahın ölümündən sonra Yaxın Şərqdə gərginliyin artması dünya miqyasında böyük bir şok effekti yaradıb. Bu hadisə dünya mətbuatının gündəmində geniş müzakirələrə səbəb olur və müxtəlif versiyalar irəli sürülür. Hazırda mətbuatda üçüncü dünya müharibəsinin baş verəcəyi ilə bağlı narahatlıqlar diqqət çəkir.
Ötən gün Kremlin mətbuat katibi Dmitri Peskov da qeyd edib ki, Həsən Nəsrullahın ölümünün ardından Yaxın Şərqdə geniş müharibə başlama riski xeyli yüksəlib.
Gununsesi.info-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov mövzunu şərh edib.
Onun sözlərinə görə, Yaxın Şərqdə böyük müharibənin başlanması üçün ötən ilin oktyabrın 7-sindən Həmasın İsrailə hücum etməsindən sonra İsrail dövləti əlindən gələni etdi ki, bu müharibə başlasın.
“Amma bu günə qədər bu müharibənin başlanmamasının səbəbi bəzi məqamlarda İrana və İsrailə qarşı olan qüvvələrə edilən çağırışlardır. Onların bu atılan addımlara adekvat cavab verməməsi bəzi məqamlarda hədə, bəzi məqamlarda isə tövsiyə xarakterli çağırışlardır ki, bu günə qədər böyük müharibəyə çevrilməsinə gətirib çıxarmayıb. Amma HƏMAS-ın liderinin ölümü, Qəzada baş verənlər, daha sonra isə “Hizbullah” liderinin öldürülməsi bunu ona gətirib çıxarıb ki, İranın və ya Livanın bu prosesə cavab verməsi artıq dövlətlər arası müharibəyə gətirib çıxaracaq. Yəni ki, bu günə qədər atılan addımlar, İsrailin Həmasa, “Hizbullah”a və ayrı-ayrı qruplaşmalara qarşı apardığı müharibədir”, – deyə o əlavə edib.
Politoloq qeyd edib ki, hələlik bu prosesə dövlətlər qarışmayıb.
“Görünən tərəfi odur ki, Rusiya tərəfinin də mövqeyi vəziyyətin nə dərəcədə təhlükəli mərhələdə olmasından xəbər verir. Təbii, bu doğrudur və hər an Yaxın Şərqdə böyük müharibə başlaya bilər. Bu, sadəcə bir qığılcıma, kiçik bəhanəyə bənddir ki, bu proses böyük müharibəyə çevrilsin və daha dəhşətli senari ilə davam etsin. Bura bir sıra dövlətlərin qarışması da real görünə bilər. Çünki Həmasla bağlı Qəzzada atılan addımlardan sonra artıq İsrail tərəfi “Hizbullah”a zərbələr indirmək üçün Livana keçdi”, – deyə o bildirib.
X.Bəşirov onu da vurğulayıb ki, artıq ətrafdakı dövlətlər proses dayanmadığını görürlər:
Prosesin miqyası coğrafi baxımdan da genişlənmək istiqamətində gedir. “Təbii ki, bu, bəzi dövlətləri narahat edə bilər, amma unutmayaq ki, burada İsrail deyəndə həm də ABŞ nəzərdə tutulur. Eyni zamanda, ABŞ başda olmaqla İsrailin müttəfiqləri də nəzərdə tutulur. Onlar siyasi, hərbi və maddi cəhətdən çox güclüdürlər və onlara qarşı Yaxın Şərqdə ortaya mövqe qoya biləcək dövlət yoxdur. Ona görə İran atdığı addımlardan da bu fikirləri əsaslandırır ki, İran müəyyən mənada proksi qüvvələrindən, yəni “Hizbullah”dan, HƏMAS-dan, hətta husilərdən belə imtina etməyə razılıq verib. Hazırkı mərhələdə bu, belə görünür. Düşünürəm ki, proses artıq İsrailin və müttəfiqlərinin Yaxın Şərqdə özlərinin o böyük planlarını reallaşdırması üçün imkanlarını artırır, yolunu açır, yaşıl işıqlarını yandırır. Əgər İran bu prosesə mane olmayacaqsa, hansıkı mane olmasa, bu İranla İsrail arasında da o İsrailin hədəfində olan coğrafiyada İranın olmadığı amilini nəzərə alsaq, bu mənada hər iki tərəfi qane edir”.
X.Bəşirov qeyd edib ki, bu günə qədər o proksi qüvvələri maliyyələşdirən, onlara dəstək göstərən İrandır:
“İranda hazırkı mərhələdə özünə o əsasla haqq qazandırır ki, mən bu proksi qüvvələri İsrailin o ərazilərdə hegemonluğunun qarşısını almaq üçün maliyyələşdirirəmsə, bu məsələdə maraqlı tərəf olan Ərəb dövlətləri də iştirak etməlidirlər. Ona görə də bu qədər maliyyələşdirməni artıq kifayət hesab edən İran, bundan sonra bu addımını davam etdirmək istəmir. Bəzi fikirlər var. Həsən Nəsrullahı, İsmayil Haniyyəni öldürən güclər, İran Prezidenti İbrahim Rəisinin helikopterini partlatmaq iqtidarında olanlardır. Yəni, burada versiyalar çoxdur, amma hər bir halda nəzərə alaq ki, bu proses heç də bizə təsadüfi görünmür. Hadisələrin bu şəkildə davam etdiyi bir dönəmdə İranın prezidenti İbrahim Rəisi öldürülür. Yenilikçi siyasəti ortaya qoymağa çalışan, Qərb ölkələri ilə tam ziddiyyətli qarşıdurmağa getməkdən yana olan Pezişkian hakimiyyətə gətirilir. Bu proseslər bir daha onu göstərir ki, Yaxın Şərqdə və ətraf ərazilərdə ciddi dəyişikliklər olacaq, bu bir mənalıdır”.
O, bildirib ki, bu prosesin qarşısını ən azından hazırkı mərhələdə alınması ehtimalı da var:
“Rusiya tərəfindən səsləndirilən fikirlər ən çox Rusiyanın işinə yarayacağı bir addım olacaq. Yəni, Rusiya-Ukrayna müharibəsinə görə bütün diqqətlərini, oradakı cəhbəyə yönəldən Qərbin diqqətlərinin parçalanması baxımdan, Rusiyanın işinə yarayacaq. Mümkün qədər Qərb ölkələri çalışacaqlar ki, bu prosesə diqqət ayırsınlar. Bu məsələdə Rusiyanın maraqlı olduğunu görə bilərik. Rusiya maraqlıdırsa, təbii ki, bunun reallaşması üçün əlindən gələni edəcək.
Proses sanki bir tükdən asılıdır. Əgər o qırılacaqsa, artıq böyük bir müharibənin şahidi ola bilərik. Bu müharibə də elə uzun müddətdir ki, haqqında danışılan Üçüncü Dünya müharibəsi hesab oluna bilər. Təəssüf ki, bu proseslər bu gün başlayan proseslər deyil. Bu 21-ci əsrin əvvəlindən 2003-cü ildə İraqda, 2011-ci ildə Ərəb-Bahara adı altında Yəmən, Libya, Suriya, Misir kimi dövlətlərdə başlayan bir prosesdir. Bu prosesin əslində vahid məqsədə, yəni böyük güclərin dünyanın yenidən nüfuz dairələrindən bölmək və öz imkanlarını gücləndirmək uğrunda apardıqları müharibədir. Düşünürəm ki, hazırkı proseslər də məhz onun tərkib hissəsidir”.
Şəbnəm Rəhimova
Gununsesi.info