
İranın İnqilab Keşikçiləri Komandiri (SEPAH) Məhəmməd Rza Nakdi ABŞ və İsrailin Qəzzada törətdiyi cinayətlərin davam edəcəyi təqdirdə Aralıq dənizinin nəqliyyata bağlanacağını bildirib.
Gununsesi.info xəbər verir ki, İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, Nakdi “Aralıq dənizi, Cəbəllütariq boğazı və digər dəniz yollarının tezliklə bağlanmasını gözləməlidirlər” deyib. İran komandiri regionda artan yeni müqavimət qruplarına işarə edərək, “Əvvəllər Fars körfəzi və Hörmüz boğazı onların kabusu idisə, indi Qırmızı dənizdə sıxışıblar” deyib.
Yəməndəki husilər son həftələrdə Qəzzaya hücumlar səbəbindən Qırmızı dənizdə bir çox ticarət gəmisinə hücum edib və bəzi şirkətlər marşrutlarını dəyişməli olub.
Hücumların arxasında İranın olduğunu deyən ABŞ-ın rəhbərliyi ilə Qırmızı dənizdə müdafiə missiyasının yaradılması da gündəmdədir.
Digər tərəfdən, “Reuters” İranın birbaşa əlaqəsi olmayan Aralıq dənizində naviqasiyanın qarşısını necə ala biləcəyinin aydın olmadığına diqqət çəkib. Livandakı “Hizbullah” və Suriyadakı bəzi qruplar Aralıq dənizi ilə əlaqəsi olan İrana bağlı təşkilatlar kimi seçilir.
Fələstin-İsrail müharibəsi başlayandan sonra ABŞ və İngiltərə Şərqi Aralıq dənizinə hərbi gəmilər göndərib.
Gununsesi.info