Özbəkistanda keçirilən seçkilərin yekun nəticələri bu gün elan olunacaq və yeni prezidentin adı bəlli olacaq.
Bu barədə Gununsesi.info-ya Özbəkistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlikdən bildirilib ki,dekabrın 4-də yerli vaxtla saat 6.00-da (Bakı vaxtı ilə saat 5.00) açılan seçki məntəqələri saat 20.00-da bağlanıb.
Özbəkistan MSK-nın verdiyi məlumata görə, seçkilərdə 21,4 milyon seçicidən 17 milyon 941 min 955 nəfər səs verib ki, bu da seçicilərin 87,83 faizi deməkdir.
Qeyd olunur ki, seçkilərin demokratik , ədalətli və şəffaf keçirilməsi üçün hər cür şərait yradılıb və seçkilər demokratik prinsiplər əsasında baş tutub.
Seçkiləri 37 mindən artıq yerli və beynəlxalq səviyyəli müşahidəçi izləyib. Seçkilərin yekun nəticələri isə bu gün saat 16.00-da bəlli olacaq. Kimin seçkilərdə qalib olacağı rəsmi elan olunacaq.
Səfirlikdən bildirilib ki, prezident seçkiləri ilə bağlı olaraq Özbəkistanın Azərbaycandakı səfirliyində də seçki məntəqəsi təşkil olunub. Seçki mənətəqəsində Azərbaycan və Gürcüstanda yaşayan 400-ə yaxın özbək qeydiyyatadan keçib:
“Özbəkistanın Gürcüstanda səfirliyi olmadığından Gürcüstanda yaşayan Özbəkistan vətəndaşları da Azərbaycandakı səfirlikdə qeydiyyata durublar. Ona görə də Özbəkistan vətəndaşlarının seçkilərdə öz hüquqlarından istifadə etməsini təmin etmək məqsədi ilə səfirliyin binasında seçki məntəqəsi yaradılıb və onlar bu hüquqlarından istifadə ediblər. Seçki məntəqəsi səhər saat 6-dan axşam saat 20-dək fəaliyyət göstərib. Gün ərzində 256 nəfər səsvermə hüququndan istifadə edərək, istədiyi namizədin xeyrinə səs verib”- deyə, səfirlikdən bildirilib.
Artıq beynəlxalq müşahidəçilər Özbəkistanda keçirilən prezident seçkilərin nəticələri ilə bağlı mövqelərini açıqlamaqdadır.
Özbəkistandakı seçkilərin nəticələri ilə bağlı MDB İcariyyə Komitəsinin sədri və MDB seçki müşahidə missiyasının rəhbəri Sergey Lebedev bildirib ki, seçkilər demokratik, açıq və şəffaf keçib.
“Ən əsası odur ki, Özbəkistan seçicisinin öz səsini azad və demokratik şəraitdə istədiyi namzidə səs verməsi üçün hüququ təmin edilmişdi”- deyə, S. Lebedev vurğulayıb.
S. Lebedev bəyan edib ki, səsvermə zamanı kiçik texniki xətalardan başqa , hər hansı ciddi qanun pozuntularının şahidi olmayıblar.
Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının rəhbəri, təşkilatın baş katibi Raşid Alimov da Özbəkistanda seçkilərin şəffaf və demokratik keçdiyini bəyan edib.
Qeyd edək ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında insult nəticəsində həyatını itirib. Prezidentin müvəqqəti səlahiyyətlərini ölkənin baş naziri Şövkət Mirzəyev yerinə yetirir. Politoloqlar seçkilərdə prezident postuna əsas namizədin də Ş. Mirzəyev olduğu qənaətindədirlər.
Ş. Mirzəyevin namizədliyi Özbəkistan Liberal-Demokrat Partiyası tərəfindən irəli sürülüb. Parlamentin aşağı palatasının vitse-spikeri Sarvar Otamuradovun namizədliyi Milli Dirçəliş Partiyası tərəfindən irəli sürülüb. Sosial-Demokrat Partiyasının lideri Nəriman Umarov və Xalq-Demokrat Partiyasının sədri Xatomjon Ketmenov da prezidentliyə namizəddirlər.
Mürtəza
Gununsesi.info