Yayda üz dərisini qorumaq üçün nələrə diqqət edilməlidir? -ŞƏRH

“Yay aylarında üz dərisinə qulluq zamanı əsas diqqət günəşdən qorunmağa yönəldilməlidir. Gündəlik olaraq ən azı SPF 30 olan, geniş təsirli və suya davamlı günəş qoruyucusundan istifadə etmək vacibdir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında kosmteoloq Aynurə Rəhimova deyib:

“Günəş qoruyucusu açıq havada olduqda təxminən iki saatdan bir, həmçinin tərlədikdən və üzdükdən sonra yenilənməlidir.

Üzü səhər və axşam yumşaq təmizləyici ilə yumaq, dərini həddindən artıq qurutmamaq lazımdır.

Yayda isti hava və günəş dəridə quruluq yarada bildiyi üçün dəri tipinə uyğun nəmləndiricidən istifadə edilməlidir.

Tərlədikdə üzü sərt şəkildə silmək əvəzinə təmiz və yumşaq dəsmalla yüngülcə qurulamaq daha məqsədəuyğundur.

Günəş şüalarının daha güclü olduğu günorta saatlarında kölgədə qalmaq, papaq və qoruyucu geyimlərdən istifadə etmək dəri üçün əlavə qoruma yaradır.

Yay aylarında dərini qıcıqlandıra biləcək çoxsaylı və sərt qulluq vasitələrindən eyni vaxtda istifadə etməkdən çəkinmək lazımdır.

Ən düzgün qulluq dəri tipinə və yaranan problemə uyğun seçilməlidir; davamlı qızartı, səpki və ya ləkələr olduqda isə dəri həkiminə müraciət etmək məsləhətdir”. 

 

 

Firuzə

Gununsesi.info