Yaz sessiyasından geriyə qalanlar

  • By admin
  • 12 İyul 2022 14:55

Xəbər verdiyimiz kimi, Milli Məclisin iyulun 8-də keçirilən növbədənkənar plenar iclası ilə deputatların tələbi əsasında çağırılan növbədənkənar sessiya yekunlaşdı. Parlament yaz sessiyası və növbədənkənar sessiya müddətində gündəliyə daxil edilən məsələlərin bir çoxunu müzakirəyə çıxarıb, müvafiq qərarlar qəbul etsə də, bəzi qanun layihələrinə baxılması payız sessiyasına saxlanıldı.

Yaz sessiyasının fəaliyyəti haqqında Modern.az-a danışan deputatlar ümumilikdə parlamentin üzərinə düşən vəzifələri yerinə yetirdiyini vurğulayıblar.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev düşünür ki, yaz sessiyasının işini uğurlu hesab etmək olar.

Komitə sədri bildirib ki, bu sessiyada önəmli qanun layihələrinin qəbulu və deputatların xarici ölkələrə səfərləri ilə yadda qalıb:

“Deputatlarımız sədr Sahibə Qafarovanın rəhbərliyi ilə bir sıra xarici ölkələrdə oldular və Azərbaycanı uğurla təmsil etdilər. Səfərlərdə həmin ölkələrin prezidentləri, parlament sədrləri, siyasi partiya rəhbərləri ilə görüşlərdə bəyan edilən məsələlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsinə səbəb oldu.

Azərbaycanda keçirilən bir çox beynəlxalq tədbirlərdə Milli Məclisin sədri, komitə sədrləri və deputatlarımız önəmli görüşlər həyata keçirdilər, fəal iştirak etdilər. Ümumilikdə, hesab edirəm ki, Milli Məclisin deputatları əvvəlki illərə nisbətən daha aktivdirlər. Ölkə daxilində də şəhid ailələri ilə qazilərlə, seçicilərlə görüşlərin keçirilməsi, bu zaman qaldırılan problemlərin həlli istiqamətində atılan addımlar göstərir ki, parlament öz fəaliyyətində ciddi dönüş yaradıb. Bu, prezident İlham Əliyevin VI çağırış  parlamentin ilk iclasında qarşıya qoyduğu məsələlərdən irəli gəlir”.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov da hesab edir ki, parlament həmişə olduğu kimi yaz sessiyası və növbədənkənar sessiya dövründə də məhsuldar işləyib.

S.Qurbanov hesab edir ki, Milli Məclis öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib:

“Yaz sessiyasında ən yadda qalan məqam komitə iclaslarının işğaldan azad edilmiş mədəniyyət paytaxtımızda,  doğma Şuşa şəhərində keçirilməsi oldu. Yadınızdadırsa, ermənilər vaxtilə orada parlament binası tikməyə, qondarma qurumun “parlamentini” ora köçürməyə çalışırdılar.

Sədrlik etdiyim Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclası da Şuşada keçirildi. Komitənin iclasında parlament tarixində ilk dəfə qərar qəbul etdik. Bu həm mənim həyatımda, həm də parlamentin tarixində ən yadda qalan hadisələrdən biri olacaq.

Parlamentin yaz sessiyasında dövlət büdcəsi ilə bağlı qanun layihələri qəbul edildi. Cari ilin büdcəsinə yenidən baxıldı, doğma Qarabağımızın inkişafına daha çox töhfə vermək üçün əlavə vəsait ayrıldı.

Daxildəki qanunvericilik funksiyasını yerinə yetirməklə yanaşı Azərbaycanın beynəlxalq təmsilçiliyi də parlamentin rolu sırasındadır. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının təşkili, Milli Məclisin sədri Sahibə Qafarovanın şəbəkənin rəhbərin seçilməsi beynəlxalq münasibətlərdə Azərbaycan parlamentinin rolunun get-gedə artdığını bir daha göstərdi. Bu, həm bizim, həm də ölkəmizin uğurudur, dünyada Azərbaycana qarşı münasibətin dəyişməsinin, regionda güc nümunəsi olmasının göstəricisidir”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə vurğulayıb ki,  yaz sessiyasında sədrlik etdiyi komitə iş planına uyğun olaraq fəaliyyət göstərib.

T.Mirkişili qeyd edib ki, deputatlar bu sessiyada planlaşdırılan hədəflərin böyük əksəriyyətini həyata keçirməyə nail olublar:

“Bakıda və Şuşada büdcə müzakirələri, “Ələt Azad İqtisadi Zonası haqqında” Qanun, “Xarici investisiyalar haqqında” Qanun və digər layihələrin qəbulu zamanı həm də geniş iştirakçılığın təmin olunması mühüm irəliləyiş kimi qeyd etmək olar. 2 qanun layihəsi üzrə işlər başa çatmadığından onların qəbulu payız sessiyasında həyata keçiriləcək. Payız sessiyasında maliyyə-bank sektorunun tənzimlənməsi sahəsində mühüm layihələr müzakirəyə çıxarılacaq”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədr müavini  Məlahət İbrahimqızı parlamentin önəmli funksiyalarını diqqətə çatdırıb:

M.İbrahimqızı deyib ki, parlamentin bir neçə vacib funksiyasını sadalayıb:

“Bunların ən önəmlisi qanunvericilikdir. İkinci əsas məsələ ölkənin beynəlxalq arenada tanınmasında parlamentin rolu və növbəti isə seçicilərin şikayətlərinin dinlənilib, qaldırılmasıdır.

Geridə buraxdığımız yaz sessiyasını uğurlu edən yeni qanunların qəbul olunması, eyni zamanda qəbul edilmiş qanunların zamanın çağırışına uyğunlaşdırılması istiqamətində önəmli qərarların təsdiqi idi.

Beynəlxalq münasibətlərin inkişafında VI çağırış parlament çox böyük işlər görür. Bu işlər möhtərəm prezidentimizin qarşıya qoyduğu mühüm yol xəritəsindən irəli gəlir. VI çağırış parlamentin ilk iclasında prezident İlham Əliyevin qeyd etdiyi məqamlar yerinə yetirilir. Hər bir millət vəkili bu yol xəritəsindən irəli gələn məsələlərin təminatına çalışır.

Parlament səviyyəsində son bir neçə ayda çox mötəbər tədbirlər keçirildi. İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası məclisinin Bakıda keçirilməsi, Qoşulmama Hərəkatının Azərbaycanın təşəbbüsü ilə yaradılan Parlament Şəbəkəsinin Bakı iclası ölkəmizin beynəlxalq arenada uğurlarının daha bir nümunəsidir. Ümumilikdə parlamentin yaz sessiyasını uğurlu və səmərəli hesab edirik”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Milli Məclisin yaz sessiyasında qarşıya qoyulan məsələlərin, demək olar, 95 faizinə baxıldığını söyləyib.

Deputatın sözlərinə görə, bu səbəbdən, yaz sessiyasının fəaliyyəti ilə bağlı təəssüratları müsbətdir:

“Azərbaycanda son dörd ildə çox böyük islahatlar gedir. Bu, iqtisadiyyatda, siyasətdə, elmdə, sosial sferada, idarəetmədə, bütün sahələrdə davam etdirilir. Mövcud vəziyyətdə isə islahatların sürəti artıb, şaxələndirilməsi genişlənir. Bütün bunlar yeni qanunların qəbulunu, əvvəlki qanunlara dəyişikliklərin edilməsini zəruriləşdirir. Buna isə vaxt lazımdır.

Dünyada qəbul edilib ki, parlament gecə-gündüz çalışsa da, hər şeyi çatdırmaq çətindir. Konstitusiyada qeyd edildiyi kimi, qanunlar bir komitədə deyil, bir neçə komitədə baxılır. Komitədə müzakirələrdən sonra plenar iclasa tövsiyə edilirsə, qanunlar əksərən üç oxunuşda plenar iclasda müzakirə olunur. Bu çağırış Milli Məclisdə qanun layihələrinə komitələrin birgə iclasında baxılması yenilikdir. Bu o deməkdir ki, müzakirələr çox mühüm, diqqətli, şəffafdır. Verilən qərarlar da daha dolğun, düzgün olur. Mən düşünürəm ki, biz düz yoldayıq”.

Gununsesi.info