Yeni atəşkəsin detalları ortaya çıxdı

  • By admin
  • 20 Dekabr 2023 13:47

İsrail mətbuatı yazıb ki, Təl-Əviv administrasiyası Qəzza zolağında HƏMAS-ın 40 məhbusunun azad edilməsi müqabilində münaqişədə ən azı bir həftə “humanitar atəşkəs” təklif edib.

Gununsesi.info bildirir ki, “Walla News” internet saytında yer alan və adı açıqlanmayan İsrail rəsmilərinə əsaslanan xəbərə görə, Təl-Əviv rəhbərliyi Qətərə HƏMAS ilə yeni məhbus mübadiləsi razılaşması əldə etmək təklifini çatdırıb.

Qəzzadakı 40 israilli məhbusun azadlığa buraxılması qarşılığında ən azı 1 həftəlik “humanitar atəşkəs” təklif edən Tel-Əviv yeni razılaşma əldə olunacağı təqdirdə, İsrail həbsxanalarındakı bəzi fələstinli məhbusların da sərbəst buraxılmasını təklif edib.

İsrail Xarici Kəşfiyyat Xidmətinin Mossad rəhbəri David Barnea Polşanın paytaxtı Varşavada Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Ət-Tani və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam (Bill) Burns ilə görüşündə belə bir təkliflə çıxış edib.

Xəbərdə HƏMAS-ın bu təklifə reaksiyası ilə bağlı heç bir məlumat verilməyib.

Əvvəlki bəyanatında HƏMAS İsrailin Qəzzaya hücumlarını tamamilə dayandırmayınca əsir mübadiləsi ilə bağlı heç bir danışıqlar prosesinə girməyəcəyini bildirmişdi.

Qətər və Misirin vasitəçiliyi ilə 24 noyabrda İsrail ilə Həmas arasında 4 günlük əsir mübadiləsi razılaşması çərçivəsində Qəzzada baş verən qarşıdurmalara “humanitar fasilə” verilib. Bu razılaşma daha 3 gün uzadılıb və bu çərçivədə 81 İsrailli və 240 Fələstinli məhbus qarşılıqlı olaraq azad edilib.

Gununsesi.info