“Yeni Azərbaycan” referendum üzrə təşəbbüs qrupu yaradılıb

  • By admin
  • 27 İyul 2016 23:41

yap

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının qərargahında sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi üzrə ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə əlaqədar yığıncaq keçirilib.

Gununsesi.info-nun məlumatına görə, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədlərinə xidmət göstərir. Qeyd edib ki, sosial-iqtisadi sahənin daha da inkişaf etdirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, ölkənin təhlükəsizliyinin, milli maraqlarının və insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması, xarici təhdidlərin qarşısının alınması, etnik-dini harmoniyanın daha da möhkəmləndirilməsi və s. amillərdən irəli gələrək Azərbaycan daha bir referenduma gedir: “Bu baxımdan da, Konstitusiyaya təklif edilən dəyişikliklər günün reallığıdır, ölkənin inkişafına, respublikanın gücünün, qüdrətinin artmasına, onun təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət göstərən amillərdən biridir”.

Sonra səsvermə ilə 57 nəfərlik referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb və “Yeni Azərbaycan” referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün 5 nəfərdən ibarət nümayəndə müəyyənləşdirilib.

Gununsesi.info