Yeni icra başçıları kimdir?

  • By admin
  • 31 Oktyabr 2019 16:10

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə iki rayona gənc icra başçıları təyin edilib.

Gununsesi.org-un verdiyi xəbərə görə, Xaçmaz rayonuna başçılıq edəcək Elnur Rzayev bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olub. Onun 39 yaşı var.

E.Rzayev birinci müavin olmadan öncə Gəncə “Asan xidmət”in rəhbəri vəzifəsində çalışıb. O, 1980-ci ildə  Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub. Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, həmin Universitetdə “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr təhsili alandan sonra Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə  idarəetməsi” ixtisası üzrə təhsilini davam etdirib.

2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib. Ailəlidir, 3 övladı var.

Yevlax rayon icra başçısı vəzifəsinə təyin olunan Anar Tağıyev isə paytaxtın Nəsimi rayon icra hakimiyyəti başçısının müavini idi. O, 1981-ci ildə Bakı şəhərində anadan olub.

Bakı Dövlət Universitetini, ardınca isə Moskva Dövlət Vilayət Universitetini bitirib. Müxtəlif illərdə hüquqşünas, Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə orqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2011-ci ildən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb.  Ailəlidir, 2 övladı var.

 

Gununsesi.org