“Yeni klinika”da iki aydır maaşlar verilmir

  • By admin
  • 04 May 2021 21:02

“Yeni klinika”da çalışan tibb işçiləri iki aydır ki, maaş ala bilmirlər.

Gununsesi.info  “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu şikayətlə həmin klinikada çalışan tibb işçiləri müraciət ediblər.

Onların sözlərinə görə, əmək haqlarının hansı səbəbdən verilmədiyi məlum deyil:

“İki aydır ki, maaş ala bilmirik. Hansı səbəbdən verilmədiyi, nə vaxt olacağı məlum deyil. Həmçinin maaşlarımızdan 500 manat pul kəsilib. Bayram günləri işə çıxmağımıza baxmayaraq, 10 günlük pulumuz hesablanmayıb. Rəhbərliyə etiraz etdikdə “kimə istəyirsiz şikayət edin. Xoşunuza gəlmir, işdən çıxın” deyilir”.

Yaranmış problemlə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, Agentliyə vəsait ayrılmadığı üçün tibb işçilərinin əmək haqları verilməyib:

“Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir. Yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktik tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsait Agentliyə ayrıldıqdan sonra fevral və mart aylarının ödənişləri həyata keçiriləcək”.

Bayram günlərində işləyən tibb işçilərinin əmək haqlarının düzgün hesablanmamasına gəlincə isə, Agentlikdən bildirilib ki, hər hansı şəxs barədə işə cəlb olunmasına və bunun müqabilində müddətli əlavənin verilməməsi ilə bağlı məlumat varsa, məsələnin araşdırılması üçün müvafiq tibb müəssisəsinin maliyyə və ya mühasibatlıq şöbələrinə müraciət edilməsi tövsiyə olunur: “Əgər verilən cavab şəxsi qane etməzsə, həmçinin Agentliyə müraciət edə bilər”.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısı, həmçinin əməkhaqlarına müddətli əlavənin hesablanması tibb müəssisələri tərəfindən aparılır.

Xatırladaq ki, ötən ay “Yeni klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. O, koronaviruslu xəstələrin tibb müəssisəsinə yerləşdirilməsi müqabilində  yaxınlarından rüşvət almaqda ittiham olunur.

Gununsesi.info