Yeni “Media” Qanunu haqqında -Aqil CAMAL yazır

  • By admin
  • 11 Dekabr 2021 16:51

Bizə hansı media qanunu lazımdır? 

Yaxud, bizə hansı media qanunu lazımdır?

Aqil CAMAL

Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, çağdaş dünyada media – xəbər fəaliyyəti hansısa ölkənin sərhədləri çərçivəsində müəyyənləşmir. Bu gün mediaçılıq fəaliyyəti o qədər çeşidli və çoxşaxəlidir ki, onu ölkələrin qanunvericlik aktları ilə tənzimləmək imkansızdır. Ölkələrin media fəaliyyəti ilə bağlı qanunvericiliyində dəyişikliklər mediaçılığın yayım imkanlarını məhdudlaşdıra bilməz. Bu gün Azərbaycandan kənarda fəaliyyət göstərən, amma ölkə auditoriyasına xitab edən, təsir göstərən nə qədər resurslar var ki, onlara yerli qanunvericilik aktlarının tətbiq olunması qeyri-mümkündür.

Bu baxımdan, hesab edirəm ki, Azərbaycanda müzakirəyə çıxarılan “Media haqqında” yeni qanun layihəsini ifadə azadlığının və sərbəst media fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmiş addım kimi qiymətləndirmək doğru olmaz.

Birincisi, KİV haqqında qanun layihəsi 1999-cu ildə – 22 il əvvəl qəbul olunub. O vaxtdan, bu vaxta dünyada və ölkəmizdə kütləvi informasiya vasitələri sahəsində hansı yeniliklərin baş verdiyini kiməsə izah etməyə ehtiyac yoxdur. Yəni, bu qanunun yenilənməsi – çağdaş mediaçılıq fəaliyyətinə əsaslanan tənzimləyici aktın yaradılması labuddür. Çünki, müasir informasiya resursları siyasi mövqeyindən asılı olmayaraq bir çox hallarda hüquqi status məsələsində çətinliklərlə qarşılaşırlar. Bu isə onların həm dövlətin media siyasətinə dəstək layihələrindən, həmçinin, özlərinin işgüzar və digər inkişaf yönümlü fəaliyyətinə əngəllər törədir. Səbəb isə yeni dövr media subyektlərinin statusunun köhnə qanunvericilikdə təsbit olunmamasıdır.

İkincisi, hesab edirəm, artıq Milli Məclisə, eyni zamanda, ictimaiyyətə təqdim edilmiş “Media haqqında” Qanun layihəsinin müzakirəsi tezliklə yekunlaşmamalıdır. Həm, MM-in komitələrində, həm, jurnalist təşkilatlarında, həm də ümumən, media camiəsində, ictimai sektorda müzakirələr davam etdirilməlidir.

Doğrudur, qanun layihəsini hazırlayıb təqdim edən Medianın İnkişafı Agentliyi sənədin müzakirəsini indiyədək müxtəlif auditoriyalarda, o cümlədən, media qurumlarının redaksiyalarında təşkil edib.

Mən, Agentliyin ADA Universitetdə təşkil etdiyi müzakirədə iştirak etmişəm və təkliflərimi bildirmişəm.

Müzakirələr davam etdirilməli, üzərinə xüsusi vurğu salınan, kimlərinsə narahatlığına səbəb olan müddəalara açıqlıq gətirilməli, haqlı iradlar üzərində düşünülməlidir.

Qanunlar təbii olaraq heç zaman mütləq şəkildə ideal olmur, ona görə də zaman-zaman əlavə və dəyişikliklərə uğrayır. Həm bizdə, həm də başqa ölkələrdə… Ona görə də, indi təqdim olunan qanun layihəsini konkret müddəalar üzrə faktlar göstərmədən “hurrey”lə qaralamaq doğru deyil.

Belədə iki sual ortaya çıxır, birincisi, Azərbaycana yeni media qanunu lazım deyilmi? İkincisi, təqdim olunan layihəni hay-küylə qarşılayanların hazırladıqları alternativ layihə(lər) varmı?

Spesifik fəaliyyət sahəsi olan, hər bir vətəndaşın günlük həyatında yer alan mediaçılıqla bağlı qanun layihəsi sağlam yanaşma ilə müzakirə edilməli, iradlar konkretləşdirilməli, obyektiv arqumentə əsaslanan təkliflər irəli sürülməlidir.

Ölkəmiz çağdaş medianın inkişafına yol açan bir qanuna sahib olmalıdır.

Gununsesi.info