Yeni müharibə başlayır? - KOSOVİ İLƏ SERBİYA ARASINDA GƏRGİNLİK BÖYÜDÜ

  • By admin
  • 12 Dekabr 2022 10:47

Kosovonun şimalında yaşayan serb azlığı ilə Kosovo hökuməti arasında gərginliyin yenidən artması fonunda Serbiya prezidenti Aleksandar Vucic  Milli Təhlükəsizlik Şurasını toplayıb.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, Vuçiç serbləri təmkinli olmağa və NATO-nun KFOR sülhməramlı qüvvələrinə və Kosovodakı Avropa İttifaqı missiyalarına (EULEX) hücum etməməyə çağırıb.

Şənbə günü Kosovonun şimalında yerləşən Avropa İttifaqının (Aİ) polisinə səs bombası atılıb və yerli polis naməlum qruplarla toqquşub.

Bəzi Kosovo serbləri də yük maşınları ilə şimal sərhəd məntəqələrinə gedən yolları barrikadaya alıblar.

Kosovonun baş naziri Albin Kurti etirazçıları “cinayətkar dəstələr” adlandırıb və KFOR-dan yoldakı maneələri təmizləməyi xahiş edib.

Ölkədə bir neçə aydır davam edən son gərginliyin əsas səbəbi Kosovo administrasiyasının avtomobillərində serb nömrələri olan Kosovo serblərinə dövlət nömrələrini Kosovo nömrələri ilə əvəz etmək öhdəliyi qoymaq istəməsidir.

Bəzi serblər Kosovonun müstəqilliyini tanımadıqlarını bildirərək bu qərara etiraz edirlər.

Gərginlik niyə yenidən alovlandı?

Keçən həftə serb azlıqların yaşadığı ərazilərə əlavə Kosovo polisinin göndərilməsi və şənbə günü keçmiş serb polisinin saxlanması ilə bölgədə gərginlik yenidən alovlanıb. Dejan Pantiç dövlət qurumlarına, seçki rəsmilərinə və polisə hücumda ittiham olunur.

Pantiç noyabrda Priştinanın avtomobil nömrələri ilə bağlı qərarına etiraz olaraq istefa verən 600-ə yaxın etnik serb dövlət qulluqçusundan biridir.

NATO tərəfləri təxribatlardan çəkinməyə çağırıb.