Yeni qərara əsasən Türkiyədən gələnlərin sayı dahada artacaq - QƏNİRƏ PAŞAYEVA

Viza tələbinin ləğvi ilə bağlı qərar Türkiyədən Azərbaycana gələnlərin sayının daha da artmasına səbəb olacaq.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva Azərbaycanın Türkiyə vətəndaşları üçün viza tələbini ləğv etməsinin iki ölkənin gələcək əlaqələrinə təsirini şərh edərkən deyib.

O, qərarın Türkiyə əhalisi tərəfindən alqışlandığını və müsbət qarşılandığını qeyd edib:

 “Bu addım, ilk növbədə, “Bir millət, iki dövlət” qayəsinə, ruhuna, düşüncəsinə, əməkdaşlığına, işbirliyinə çox böyük müsbət töhfələrini verəcək. Birliyimizi daha da gücləndirəcək”.

Q.Paşayeva bildirib ki, bu qərar Azərbaycan və Tükiyədə də çox yüksək səviyyədə qəbul olunur:

“Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü olduğum üçün müxtəlif tədbirlərdə, səfərlərdə oluruq. Bu səbəbdən də çoxlu sayda insan tərəfindən mesajlar gəlir. Onlar arasında siyasətçilər, ictimai xadimlər və müxtəlif sahədən olan dostlarımız bu qərarı alqışladıqlarını, sevindiklərini bildirirlər.

Bu qərar Türkiyədən ölkəmizə gələnlərin, o cümlədən, turistlərin sayının daha da çoxalmasına səbəb olacaq. Amma ən önəmli olan Türkiyənin bizim üçün hər hansı dost ölkə olması deyil, biz həm də bir millət, iki dövlətik. Bu addım bu düşüncənin, fikrin daha da güclənməsinə xidmət edir”.

Qeyd edək ki, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-cu il tarixindən etibarən viza tələbi ləğv edilir.

Gununsesi.org