Yeni qəbul edilmiş qanun bir sıra məsələlərin həllinə müsbət təsir göstərəcək - FOTO

  • By admin
  • 12 Sentyabr 2019 14:24

Azərbaycan Prezidenti özünün qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək artıq uzun illərdir ki, ölkəmizdə müzakirəsi aparılan Mediasiya ilə bağlı qanun layihəsini qanunverici orqan olan Milli Məclisə təqim etdi. 29 mart 2019-cu ildə parlamentdə Mediasiya haqqında qanun müzakirə edilərək qəbul edildi. Bu addımı ilə Prezident İlham Əliyev dünya dövlətlərinin əksəriyyətində artıq özünü doğrultmuş Mediasiya institutunun ölkəmizdə təsis olunması ilə bağlı qəti iradəsini ortaya qoydu. Bu, dövlətimizin təsdiq olunmuş sosial-iqtisadi inkişaf konsepsiyasının reallaşdarılması istiqamətində yeni bir addım oldu. 

Yeni qəbul olunmuş “Mediasiya haqqında qanun”umuz ayrı-ayrı ölkələrdə mövcud olan qanunlardan özünün daha mütərəqqiliyi və bir sıra digər üstünlükləri ilə fərqlənir. Belə ki, müqayisə aparsaq əksər dünya dövlətlərində mediator qismində mütləq ali hüquq təhsilinə malik olan şəxslər və hətta bir çoxlarında isə (məsələn Türkiyədə) yalnız vəkillər fəaliyyət göstərə bilərlər. Bizim ölkəmizdə qəbul olunmuş qanuna əsasən istənilən sahədə ali təhsilə malik olan, 25 yaşı tamam olmuş şəxslər mediator qismində fəaliyyət göstərmək üçün müraciət edə bilərlər. Bu o deməkdir ki, ali təhsilə malik olan yüzlərlə, minlərlə və daha çox vətəndaşlarımız özləri üçün yeni iş yerləri əldə edəcəklər. Mediatorun qanunla qadağan olunmayan istənilən digər fəaliyyətlə məşğul ola bilməsi ilə bağlı qanunun müvafiq norması isə ölkəmizdə çoxsaylı müəllimlər, mühəndislər və digər sahələrdə çalışan insanlar üçün də yeni fəaliyyət və gəlir imkanı yaradacaq.

Bu qanun, həm də, indiyədək yalnız məhkəmədə həll olunmalı olan mübahisələrin məhkəmədən kənar alternativ üsullarla həllini nəzərdə tutduğundan, ölkəmizdə məhkəmələrdə yığılaraq qalaqlanmış çoxsaylı işlərin sayını və eyni zamanda bu işlərə görə məhkəmələrə dövlət tərəfindən ayrılan maliyyə resurslarının həcmini də rasional olaraq əhəmiyyətli dərəcədə azaldacaqdır. Bu faktor da, hazırda ölkəmizdə daha da dərinləşdirilməsi nəzərdə tutulan məhkəmə hüquq sistemində islahatların aparılması siyasətinə şübhəsiz ki, özünün əvəzolunmaz töhfəsini verəcək.

Eyni zamanda onu da vurğulamaq vacibdir ki, dövlətimizin yürütdüyü əsas siyasi xəttin prioritetlərindən olan sahibkarlığın inkişafına da əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Belə ki, bu günə qədər bir sıra ciddi iqtisadi mübahisələrinin məhkəmələrdə həllinə əhəmiyyətli vaxt və maddi vəsait sərf edən sahibkarların bu cür ciddi problemlərinin həllini ciddi şəkildə sadələşdirəcəkdir. Yaranmış iqtisadi mübahisələrlə bağlı, fəaliyyət göstərəcək mediasiya institutuna müraciət etməklə, hərtərəfli şəkildə qənaət edən sahibkarların öz aralarında konsensusa gəlmələri, onların cəmiyyətdə öz imiclərini daha etibarlı şəkildə qorumalarını və sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi prosesindən ayrılmamalarını təmin edəcək.