“Yeni qanun layihəsi sağlam siyasi mühitin formalaşmasında mühüm əhəmiyyətə malik olacaq” -Cavid Osmanov

  • By admin
  • 24 Noyabr 2022 13:22

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilib, həmçinin ölkənin siyasi sistemi və milli xüsusiyyətləri, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınıb”.

Gununsesi.info-nun xəbərinə görə, bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Cavid Osmanov deyib ki, Milli Məclis tərəfindən ölkədə fəaliyyət göstərən siyasi partiyalara öz təkliflərini bildirmələri üçün müraciət edilib və 47 siyasi partiyadan 250-dən çox təklif alınıb: “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazır olduqdan sonra Milli Məclisin saytında yerləşdirilib, geniş ictimaiyyətin müzakirəsinə təqdim olunub. Bundan əlavə, qanun layihəsi ilə bağlı siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə iki dinləmə keçirilib. İctimai dinləmələrdə, mətbuat və sosial şəbəkələrdə sənədlə bağlı aparılan müzakirələrdə təqdim olunan təkliflər nəzərə alınaraq, qanun layihəsi üzərində iş davam etdirilib və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılıb. Bir sözlə, siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlər, təkliflər sənəddə öz əksini tapıb. Müxtəlif platformalarda geniş müzakirələrin təşkil edilməsində məqsəd qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmasına, habelə birləşmək azadlığı hüququnu özündə ehtiva etməsinə nail olmaq olub. Məhz bu məqsədlə də müzakirələr zamanı siyasi partiyalar və ictimaiyyət nümayəndələrinin səsləndirdiyi fikirlər qanun layihəsinə edilən dəyişikliklərdə öz əksini tapıb. Yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddət artırılıb, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər azaldılıb. Layihəyə edilən dəyişikliklər nəticəsində müzakirələr zamanı bəzi məqamlarla bağlı narahatçılıq doğuran məsələlər aradan qaldırılıb. Konkret olaraq, qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun formada hazırlanıb”.

Deputat qeyd edib ki, dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında əsas institutlardan biri partiyalardır: “Odur ki, partiyalarla bağlı yeni qanun layihəsi demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitində hazırlanıb. Layihədə müdafiə olunmayan təkliflərin sənəddən çıxarılması, əvəzində demokratik norma və prinsiplərə daha çox üstünlük verilməsi sübut edir ki, qanun layihəsi xalqın siyasi iradəsini ifadə edir. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi sağlam siyasi mühitin formalaşmasında, yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilıməsində mühüm əhəmiyyətə malik olacaq. Qanun layihəsi çoxpartiyalı sistemin yaradılmasına, partiyaların ölkənin ictimai-siyasi həyatında rolunun artmasına xidmət edəcək. Qəbul ediləcək yeni sənəd Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, dövlətlə siyasi partiyalar arasında səmərəli əməkdaşlığa, siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqa öz töhfəsini verəcək. Burada dövlətin də əsas məqsədi ölkədə siyasi mühitin canlanması və çoxpartiyalılıq üçün əsasların genişləndirilməsidir”.

Gununsesi.info