“Yeni qazandığımız sərhədlərdə hərbi mövqe tutan zabit və əsgərlərin ödənişləri 50 faizə qədər artırılsın” -Zahid Oruc

Yeni qazandığımız və hələ delimitasiya edilməyən sərhədlərdə hərbi mövqe tutan zabit və əsgərlərin ödənişləri indiki kimi 20 faiz deyil, 50 faizə qədər artırılsın.

Gununsesi.info xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

HTML tutorial

“Çıxışıma Avropa diplomatiyasının başçısı Jozef Borreldən bir sitatla başlamaq istərdim. Beynəlxalq hüququn məhvindən, güclünün və silahın hökmranlığından danışan avropalı diplomat Ukraynadakı müharibəni “cəngəllik savaşı” adlandırır. Belə şəraitdə Hökumət 3 məsələni: hərbi-təhlükəsizlik, Böyük qayıdış və çörəklə təminatı növbəti ilin bir nömrəli məsələsi elan edə bilər.

Gələn ilin büdcə layihəsi Vətən müharibəsində qələbəmizi möhkəmləndirir, Murovdan Arazadək 400 km-dən artıq, o cümlədən, İranla 132 km-lik sərhəddə güclü hərbi müdafiə sistemi qurmağa, o cümlədən gələn ilin müharibə provokasiyalarına qarşı ordunu gücləndirməyə imkan verir. Təklif edirik ki, yeni qazandığımız və hələ delimitasiya edilməyən sərhədlərdə hərbi mövqe tutan zabit və əsgərlərin ödənişləri indiki kimi 20 faiz deyil, 50 faizə qədər artırılsın. Bundan ötrü 100 milyonlara ehtiyac yoxdur, lakin nəticə təhlükəsizliyimiz üçün önəmlidir.

16 noyabr 2020-ci il tarixi müstəqilliyimizin 30 ilində Qələbə təqviminin növbəti parlaq günüdür. Prezidentin imzaladığı Böyük qayıdışa dair 1-ci dövlət prorqamı tarixi qərardır. Təklif edirik ki, 19 iyul 2022-ci ildə Ağalıdan başlanan yurda dönüş Böyük Qayıdış günü kimi rəsmiləşdirilsin və dövlət protokoluna daxil edilsin. Bununla bərabər, Hökumət Xankəndi və ətraf 3 bölgədə yeni səngər və təmas xətti quranlara qarşı yalnız hərbi vasitələrlə deyil, ermənilərin Azərbaycan cəmiyyətinə dönüşü və birgəyaşayışına dair planlarını açıq elan etsin. Paşinyan Azərbaycanda qalan ermənilərin gələcək məhvini iddia edir. Halbuki hökumət Sərsəng su qovşağında uğurlu çalışma nümunəsini genişləndirə, vətəndaşlıq statusu verəcəyi ermənilərin hüquqi təminatlarına aid proqramlarını bəyan edə bilər. Xatırladaq ki, 90-cı ildən bu yana ilk dəfə, əhalinin 50 faiz azaldığı Xankəndi və ətraf 3 bölgəyə gələn il Ermənistandan 360 milyon dollar, yəni iki dəfə artıq vəsait ayrılacaq. Halbuki bizim planlarımız İrəvandan güclü olsa, bölgədə sülh və infrastruktur quruculuğu paralel aparıla, Soçi sənədində deyildiyi kimi, cəmiyyətlər barışa hazırlana və ermənilərin yaşadığı əraziləri də əhatə etməklə, onları separatizmdən xilas edə bilər.

Hökumətin Böyük qayıdış qarşısında mühüm vəzifələrindən biri də 30 illik işğal dövründə doğma torpaqlarından uzaq düşən insanları yenidən əməyə, müqəddəs işə qaytarmaqdır. Babalarımız çarizm, Cümhuriyyət və sovetlər dövründə ucqarlarda, xam torpaqlarda misilsiz sərvətləri məhz əməklərilə yaradıblar. Doğma yurdlarına dönən 100 minlərlə insan içərisində çilingər, qaynaqçı, dülgər, elektrik, qaz ustası, traktorçu və digər peşələrə yiyələnən ixtisaslı əmək ordusu gərəkdir. Xatırladaq ki, azad olunan 7 rayon və Şuşa əhalisinin 360 min nəfəri iqtisadi fəaldır, 40 min nəfəri ali təhsillidir, 10 min nəfərinin isə heç bir təhsili yoxdur. Gələcəkdə ərzaq və çörək böhranına qarşı ən təsirli tədbir budur. Peşə məktəblərimiz Silahlı qüvvələr kimi xüsusi təyinatlı inşaat batalyonları yaratmalıdır.
Digər bir məqam, son 10 ildə Azərbaycanda 0-19 yaş qrupu üzrə əhalinin sayında 2 %-dək azalma, 60 yaşdan yuxarı əhalinin sayında 65% artım var. Əhalinin demoqrafik qocalması baş verir. Ona görə də Böyük Qayıdışı həm də demoqrafik artıma çevirməkdən ötrü azad torpaqlarda doğulan uşaqlara yeni dövlət ödənişləri-Qələbə müavinətlərinin verilməsi təkcə sosial deyil, həmçinin mühüm siyasi qərar olardı. Dayanıqlı məskunlaşma, böyük ailələrin gələcək daxili miqrasiyasının qarşısının alınması hökumətin qərarlarından asılıdır.

Növbəti vacib məsələ, Azərbaycan vətəndaşının xaricə çıxışının yeganə nəqliyyat vasitəsi olan AZAL-ın biletlərinin qiyməti nəinki inhisarçı şirkətin vətəndaşlara ağır maliyyə yüküdür, eləcə də Hesablama Palatasının apardığı son auditdən göründüyü kimi, şirkətin borcu dövlətin iqtisadi təhlükəsizliyini təhdid edir. Müasir hava limanı, son sinif təyyarələr, yanacaq və təchizatı hökumət tərəfindən təmin olunan kompaniyanın vəziyyətinə diqqət yetirin. Auditdən sitat: kovidlə bağlı dövlətin göstərdiyi yardımın 35,3 milyon manatı əvvəlki illərin öhdəlikləri, kapital qoyuluşları, qeyri-kommersiya xarakterli, lüzumsuz ödənişlər və cərimələr, qabaqcadan təsdiqlənən bölgüyə aid olmayan istiqamətlərə xərclənib. Bank kreditləri və digər borclanmalar 2022-ci il yanvarın 1-nə 2,1 milyard təşkil edir və nəinki likvidliyə, eləcə də dövlət büdcəsinə əsaslı təhdiddir. Beləliklə, alternativ beynəlxalq uçuşlar həyata keçirən şirkətlərin olmadığı bir məkanda vətəndaş təkcə bir istiqamətə-Türkiyəyə gürcü və ermənilərdən 3 dəfə baha uçur. Ona görə də Füzuli, Zəngilan və gələcək Laçın hava limanlarının idarəçiliyini AZALa vermək olmaz. Azad torpaqlarda hava limanları təkcə mülki deyil, həm də hərbi və təhlükəsizlik əhəmiyyəti daşıdığı üçün AZAL kompaniyasının hazırki idarəçilik modeli dəyişməlidir”.

Gununsesi.info