Yeni rektor Nurlana Əliyeva: “Ləhləyə-ləhləyə pilləkənlə qalxmaq yaxşıdır?”

  • By admin
  • 05 Sentyabr 2016 14:20

nurlana-eliyeva

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın qafqazinfo.az saytına verdiyi müsahibə cəmiyyətdə geniş rezonans doğurub. Bu, isə həm də sosial şəbəkədəki müzakirələrdə özünü  aktiv şəkildə göstərir. Universitetin binasında aparılan təmir işlərindən tutmuş, kadr islahatlarına qədər bir çox mətləbə toxunan N.Əliyeva kəskin cavabları, sərt yanaşma tərzi ilə diqqəti cəlb edib. 

Rektor bildirib ki, vəzifəyə gəldiyi gündən etibarən gördüyü və görəcəyi işlər proqramlaşdırılıb. Proqramın siyahısı və öncəlikləri isə olduqca ilginc olub: “Bu universitetə rektor təyin olunduğum birinci gündən etibarən proqram tutulub. Plan üzrə işləməyə başlamışıq. Lap ilk günlərdə universitetin həyətində 50 tonluq su anbarı inşa etməyə başladıq. Bu, ondan irəli gəlirdi ki, universitetin su təchizatı yox idi. Saatla su gəlir və o da yuxarı mərtəbələrə qalxmırdı. Kimsə qəzalardan sığortalanmayıb. Təhlükənin qarşısını almaq üçün su anbarının quraşdırılması böyük əhəmiyyət kəsb edirdi. Bir də təəccüblənirəm ki, niyə görəsən, indiyə kimi Fövqəladə Hallar Nazirliyi suyun təchizatı məsələsinə belə etinasız yanaşıb? Hazırda su anbarı tikilib, kollektorlar da qoyulub. Anbarın üstündə tələbələrin istirahət etməsi üçün “bisedka” yaradırıq”.
Yeni rektorun apardığı işlər siyahısında aşağıdakılar da olub. Diqqətlə oxuyaq, hələ ki, təhsilin “t”sinə aid heç bir nüans yoxdur: “Universitetin giriş qapısı nə gündə idi. Bu universitetin qarderobu yox idi. Bu, o demək idi ki, hamı paltolu, plaşlı yuxarı qalxırmış. Mədəniyyət bundan irəli gəlir. Heydər Əliyevin büstü sintetik materialdan idi. İndi mərmərdən sifariş etmişik. Bir akt zalı var idi ki, kəndlərdə olan mədəniyyət klublarına bənzəyirdi. Oturacaqlar, pərdələr, pəncərələr pis gündə idi. Bütün otaqlar hamısı təmir olundu. Kimin əlinə nə keçirdisə, gətirib divara yapışdırırmış. İndi isə hər yerdə təbliğat lövhələri quraşdırılacaq”.
 
Rektor universitet binasının girişindəki mozaikaların sökülməsinə isə olduqca unikal bir izah verib. Məlum olub ki, bu təkliflə bağlı Təhsil Nazirliyinə məktub yazsa da, cavab gəlmədiyi üçün bunu razılıq əlaməti kimi qəbul edib: “Ona görə ki, əvvəl mozaika söküldü, sonra yarıda saxlanıldı. Təhsil nazirinə məktub yazdıq. Fasadın dizaynını da göndərdik. Təhsil Nazirliyində məktuba baxıldı, ancaq bizə cavab gəlmədi. Sözün düzü, mən belə başa düşdüm ki, yəqin, razıdırlar və ona görə cavab vermirlər. Razı olmasaydılar, zəng vurub deyərdilər ki, sökülmə prosesini dayandırın. Təhsil Nazirliyi də yəqin ondan rəncidə düşüb ki, biz yarıdan sonra niyə işimizi dayandırmayıb, davam etdirdik. Mən belə düşünürəm. Əslində, mən bu işi görməmişdən əvvəl bir məqsədim olub. Bakı Slavyan Universiteti qapısından tutmuş, ta sonuncu mərtəbəyə qədər müasir tələbləri özündə ehtiva edən təhsil müəssisəsinə çevrilsin. Yəni əgər, mozaikanı sökəndən sonra onun yerində planlaşdırdığımız və dizaynerin verdiyi təsdiq olunmuş fasad ətrafda insanların zövqünə oxşayacaq bir şəkildə olacaqsa, mən burada hər hansı problem görmürəm”.
Jurnalistin “Təhsil Nazirliyindən sizə nə dedilər” sualına cavaba diqqət edək: “Burada sizə hansı cavabları verdimsə, orada da o cür cavablar verdim. Nə deyəcəklər? Heç nə… Burada məsələ Kütləvi İnformasiya Vasitələrinin şərhindən gedir. Mən bu gün KİV-lər içərisində az sayda media tanıyıram ki, onlar həqiqəti deyirlər. Bu mozaikanı bəhanə edib, mənim haqqımda nələr demədilər ki…”
Universitetə quraşdırılan lift məsələsi də yeni rektoru tənqid hədəfinə çıxaran məqamlardan olub. O da müsahibəsində buna “orijinal” üslubda cavab verib: “Universitetə lift quraşdırmağa görə mənə nələr dedilər? Birinci mərtəbəyə lift nəyə lazım idi? Əvvəla, onu deyim ki, biz XXI əsrdə yaşayırıq. Bu gün dünyanın inkişaf etmiş şəhərlərində küçələrə eskalatorlar qoyurlar. Bunu mən gözümlə görmüşəm. Burada nə qədər yaşlı müəllim-professor heyəti var. Pismi olar ki, düyməcəyi basıb, 6-cı mərtəbəyə qalxsalar?! Bu yaxşıdı, yoxsa ləhləyə-ləhləyə pilləkənlə qalxmaları? Sonra da auditoriyada 15 dəqiqə nəfəslərini dərirlər. Hansı yaxşıdır? Təqdir olunmalı şeyləri təhqir edirlər”.
Müsahibə zamanı rektor onun barəsində tənqid yazanlarla bağlı da sərt üslubda danışıb və olduqca ağır kəlmələrdən istifadə edib. Yenə də xatırladırıq ki, bu müsahibəni verən bir universitetin rektorudur:“Yazdılar ki, “Nurlana Əliyeva adına qocalar evi”… Bu, nə deməkdir? Sənə kim icazə verib ki, Nurlana Əliyevanı bu tərzdə təhqir edirsən. Sən respublikada aparıcı qüvvə olan “Yeni Azərbaycan” Partiyasının Qadınlar Şurasını, partiyanın İdarə Heyətini, 26 il təhsil müəssisəsində təşkilatçı kimi işləyən insanı, böyük təltiflərin sahibini, prezidentin sərəncamı ilə “Şöhrət” ordeni, əməkdar müəllim adını almış insanı ağzın haradan cırılıb ki, o tərzdə təhqir edirsən? Qocalar evi nə deməkdir? Qocalar olmasaydı, sənin kimi cavanlar dünyanı dağıdardı. Burada cavanlar işləyirdi, niyə işləmədilər, axıra kimi..? Bakı Slavyan Universitetinin bircə adı qalıb. Buranın ən gözəl mütəxəssisləri hamısı dağılıb gedib orada- burada işləyir. Bakı Slavyan Universitetində bu gün 110 nəfər “ölü can” yaşayır. Universitetdə bu gün şişirdilmiş elə ştat cədvəli var ki, adam baxanda başının tükləri ayağa durur. Nədən danışırsan? Bəli, Nurlana Əliyeva qocalıb. Amma sənin kimi riyakarlıqla deyil, şərəflə, millətə xidmətlə qocalıb. Gözəl nəslin, ailənin nümayəndəsidir. Amma bilmirik ki, sən haranın dələduzusan. Sonra da deyirlər ki, Nurlana xanım KİV-lərə müsahibə vermir. Əlbəttə, vermərəm. O mozaika məsələsi ilə bağlı yazan adam kimdir ki, mənim haqqımda ağzına gələni danışdı . O “professor” hələ də bilmir ki, XVI əsrdə Braziliyada yaranıb, mozaika… Nə olsun? Bu saat hansı dövrdə yaşayırıq. İnternetin qabağında oturub, mən bu saat dünya haqqında elə məlumatlar təqdim edərəm ki… Amma bunlar internet yaranandan sonra yenilik deyil. Kimisə təhqir etmək, onun haqqında mədəniyyətsiz danışmaq elə ən böyük şərəfsizlikdir”.
Bir universitet rektorunun işlətdiyi İfadələrə diqqət edək: “Ağzın haradan cırılıb”, “Sən haranın dələduzusan”, “Bu, ən böyük şərəfsizlikdir”, “ləhləyə-ləhləyə pilləkən qalxanlar…”
Bəli, bu, bir rektorun, “Yeni Azərbaycan” Partiyasının Qadınlar Şurasını, partiyanın İdarə Heyətini, 26 il təhsil müəssisəsində təşkilatçı kimi işləyən insanın, böyük təltiflərin sahibinin, prezidentin sərəncamı ilə “Şöhrət” ordeni, əməkdar müəllim adını almış xanımın müsahibəsidir. Və elə bu aqressiv cavab tərzinin nəticəsi olaraq, sosial media istifadəçiləri də bu sözləri, bu fikirləri ciddi tənqid atəşinə tutdular.
İctimai fəal Bəxtiyar Hacıyev müsahibəni punktlar üzrə təhlil edib. O, statusunda rektorun dediyi bəzi fikirləri tənqid edib: 
“1) Deyir ki, Təhsil Nazirliyinə məktub yazıb, icazə istədim, mozaikanın sökülməsi ilə bağlı, cavab gəlmədi, düşündüm ki, etiraz etmirlər.
– Birazdan prezidentə yazacam ki, məni məsələn, Bakı meri vəzifəsinə təyin etsin. Bir həftəyə cavab gəlməsə, biləcəm ki, etiraz etmir. Gedib Hacıbala müəllimi çıxaracam otağından… Məntiq bir tərəfə, dövlətdə nəyin necə işlədiyini hələ bilmir, xanım rektor..?
2) Universiteti müasirləşdirməkdən danışır, amma təlim-tədris hissəsindən yox, binanın gözəlləşdirilməsindən başlayır. Sanki, universitet şadlıq evinə bənzəyəndə daha keyfiyyətli təhsil verir.
3) Bir ali məktəb rektorunda bu qədər hikkə, aqressiya haradandır? Jurnalistlə belə danışan, tələbənin gözünü çıxarar, məncə…
4) Belə kadrlar özgüvən mənbəyidir, gənclərə… Belə kadrlara baxıb, ‘filankəs rektor/diplomatik nümayəndə rəhbəri/deputat/icra başçısı/nazir ola bilirsə, mən arzu etdiyim hər yerə çata bilərəm’ deyə düşünmək olar.
Vəkil Aslan Ismayılov isə rektorun müsahibəsini paylaşaraq, aşağıdakıları yazıb: 
“CƏZASIZLIĞIN BARİZ NÜMUNƏSİ
BSU-nun yeni rektoru Nurlana Əliyevanın tarixi mozaikaların sökülməsi ilə bağlı minlərlə vətəndaşın sosial şəbəkələrdə etirazlarından sonra jurnalistin “Təhsil Nazirliyindən sizə nə dedilər” sualına verdiyi cavabına diqqət yetirin: “Hə, nə deyəcəklər?! Heç nə…”
Müsahibənin sonunda isə rektor mozaik portretini sökdürdüyü, sovet ideologiyasının qalığı adlandırdığı Hüseyn Caviddən misralar deyir: “Lazımsa cəhalətlə güləşmək, bir çarə var ancaq: yeniləşmək!”
Yeniləşmək aqlay düzməklə, yerə mərmər döşəməklə olmur, yoldaş rektor… Yeniləşmə sizin kimi 26 il bir vəzifədə kök buraxanların gənc kadrlarla yenilənməsi ilə edilir. Özü də tək təhsildə deyil, bütün sahələrdə… Görünür, Nurlana xanım 1990-cı ildən 2016-cı ilə qədər rəhbərlik etdiyi Azərbaycan Dövlət Pedaqoji Kollecində etdiyi yeniləşməni Bakı Slavyan Universitetinə də gətirməkdə israrlıdır.
Səbəb isə birdir: “NƏ DEYƏCƏKLƏR?! HEÇ NƏ!”
Yazar Aysel Əlizadədən də bu müsahibə ilə bağlı operativ reaksiya gəlib: “Bu, normal, sağlam adamın düşüncəsi və danışığı deyil. Dərs başlayır, gələn kimi təmirə nə gərək var? Daha ciddi işlər yoxmu universitetdə..? Mozaikanı sökəndən əvvəl niyə xəbər verməyib, nazirliyə..? İcra başçıları gələn kimi təmir işlərinə başlayıb, yeyinti etdiyi kimi, bu qadını da kimsə yaxşıca təlimatlandırıb”.
Gununsesi.info