“Yeni sistem daha adekvat və məqsədyönlü seçim imkanı yaradır” -ELÇİN ƏFƏNDİ

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) şöbə müdiri Nurlan İsmayılbəyli  bildirib ki, direktorların işə qəbulunda tətbiq edilən yeni qaydaların əsas məqsədi sistemin sadələşdirilməsi və daha effektiv hala gətirilməsidir:

“Artıq yanaşma ondan ibarətdir ki, məktəblərin idarə olunması üçün pedaqoji bilik və təcrübəsi yüksək olan şəxslərin seçilməsi daha məqsədəuyğundur. Mərhələlərin çoxluğu bəzən yüksək potensiallı uğurlu namizədlərin prosesə qoşulmasını əngəlləyirdi. Bu səbəbdən yeni sistemdə mərhələlər optimallaşdırılmış və daha çevik mexanizm tətbiq ediləcək”.

O bildirib ki, bu dəyişikliklər həm vakant yerlərə daha operativ şəkildə təyinat aparılmasında, həm də peşəkar direktor profilinin formalaşmasına xidmət edəcək:

“Hazırkı tətbiq müsahibə mərhələsinin rolunu artıraraq ən uyğun namizədlərin seçilməsinə imkan yaradır. Müsahibə nəticəsində namizədlərin potensialı daha dəqiq qiymətləndirilir və onlar uyğun vakant yerlərlə daha düzgün şəkildə uzlaşdırılır”.

Gununsesi.info-ya danışan təhsil eksperti Elçin Əfəndi məsələyə belə münasibət bildirib:

“Məktəb direktorlarının işə qəbul prosesi artıq əvvəlki dövrlə müqayisədə sadələşdirilib. İndi müsahibə mərhələsi əsas götürülür. Bu mərhələyə yüksək sertifikat nəticələrinə malik, bir neçə dəfə imtahan verərək müvafiq nəticələr göstərmiş namizədlər dəvət olunur və seçimlər bu üsulla aparılır. Beləliklə, proses daha adekvat və məqsədyönlü olur.

Əvvəllər namizədlər əvvəl imtahan verirdilər, sonra təkrar müsahibə mərhələsi keçirilirdi ki, uyğunluqları yoxlansın. İndi isə namizədlər birbaşa nəticələrinə əsasən müsahibəyə dəvət olunur və bu mərhələnin sonunda konkret vakant yerlərə yerləşdirilirlər.

Bu yanaşma dünyanın əksər ölkələrində də tətbiq olunur”.

Ekspertin qeyd edib ki, Azərbaycanda hazırda imtahan və test məsələsi hələ aktualdır, amma bir çox ölkələrdə direktorların işə qəbulu əsasən müsahibə əsasında həyata keçirilir.

 

 

 

Gununsesi.info