“Yeni tərəfdaşlıqlar Azərbaycanın regional və qlobal rolunu artırır” -Həşim Səhrablı

Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tamhüquqlu üzv qismində qoşulması ölkənin regional siyasətdə artan rolunun növbəti təsdiqidir.

Bu addım təkcə Cənubi Qafqazda deyil, daha geniş türk və Avrasiya məkanında Azərbaycanı strateji qərarların formalaşmasında iştirak edən əsas aktorlardan birinə çevirir.

Xüsusilə enerji, nəqliyyat, təhlükəsizlik və multilateral diplomatiya sahələrində Bakı artıq yalnız tranzit ölkəsi deyil, inteqrasiya və əməkdaşlıq proseslərinin istiqamətini müəyyən edən qlobal aktor kimi çıxış edir.

Türk dövlətləri ailəsində vahid mövqelərin formalaşması, Orta Dəhliz layihəsinin güclənməsi və Avrasiya platformalarında balans yaradan siyasət Azərbaycanın bu formata üzvlüyünün regional və geosiyasi çəkisini daha da artırır.

Azərbaycanın Mərkəzi Asiya məşvərət mexanizminə tamhüquqlu üzv olması ölkənin türk və Avrasiya geosiyasətində mövqeyini hansı istiqamətlərdə gücləndirir və bu proses regional güc balansında hansı yeni imkanlar yaradır?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan politoloq Həşim Səhrablı vurğulayıb ki, qlobal qarşıdurmalar artdıqca həm iqtisadi sahədə, həm də siyasi sahədə çoxlu krizislər bizi gözləyir:


“Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin artması çox onillik təcrübəyə əsaslanaraq, müxtəlif tərəflərlə bərabər hüquqlu qarşılıqlı əməkdaşlığı təşkil etmə siyasətinin davamı kimi qəbul edilməlidir. İndi belə bir məqamdan nəyi nəzərdə tuturam: qlobal mediada qarşıdurmaların yaşandığı, müttəfiqlərin düşmənə, ən azından rəqibə çevrildiyi bir situasiyada Azərbaycanın özünə yeni tərəfdaşlar, strateji tərəfdaşlar və müttəfiqlər qazanması, əlbəttə ki, təqdirəlayiq bir haldır. Çünki bu qlobal qarşıdurmalar artdıqca həm iqtisadi sahədə, həm də siyasi sahədə çoxlu krizislər bizi gözləyir.

Belə olan halda o dövlətlər ki, tərəfdaşlarını qoruyub saxlaya biləcəklər və həm də buna alternativ olaraq yeni tərəfdaş və müttəfiq münasibətlər quracaqlar, onların yeni dünyada yeri və gücü də digərlərinə baxanda daha yaxşı olacaq”.

Politoloqun sözlərinə görə bu regionda güc balansına elə şəkildə təsir göstərəcək ki, artıq anti-Azərbaycan, anti-Türkistan qüvvələr, yəni anti-Mərkəzi Asiya qüvvələr rahat-rahat ya bizə, ya da Mərkəzi Asiya dövlətlərinə qarşı təxribatlara əl atmaq siyasətindən əl çəkəcəklər:

“Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin münasibətlərinin perspektivində, burada Orta Dəhliz, tranzit məsələləri, enerji məsələləri, yəni Avropanın enerji təhlükəsizliyində əsas faktora çevrilmək kimi planlar dayanır ki, bunlar hamısı bir cümlə ilə ifadə edilərsə, həm Azərbaycanı, həm də Mərkəzi Asiyanı iqtisadi və siyasi cəhətdən daha dayanıqlı və müstəqil dövlətlərə çevirəcək.

Ən əsası isə Avropa kimi önəmli bir coğrafiyanın siyasi-iqtisadi güc mərkəzinin enerji cəhətdən təhlükəsizliyinin təmin edilməsində, tranzit ölkə Azərbaycan olmaqla, Mərkəzi Asiya resurslarının və Azərbaycanın özünün resurslarının əhəmiyyətli bir faktora çevrilməsi həm Mərkəzi Asiya olaraq, həm də Azərbaycan olaraq dünyada önəmimizi artıracaq.

Bu regionda güc balansına elə şəkildə təsir göstərəcək ki, artıq anti-Azərbaycan, anti-Türkistan qüvvələr, yəni anti-Mərkəzi Asiya qüvvələr rahat-rahat ya bizə, ya da Mərkəzi Asiya dövlətlərinə qarşı təxribatlara əl atmaq siyasətindən əl çəkəcəklər. Çünki bayaq qeyd etdiyim kimi, yeni dünya tərəfdaşlıqlar dünyası olacaq.

Çoxqütblü dünya nizamında gücün göstəricisi nə qədər çox tərəfdaşım, nə qədər çox müttəfiqim varsa, bu kimi hallar olacaq və Azərbaycan, Mərkəzi Asiya bunu bacararsa və bunu müttəfiq əlaqələr fonunda bir-birinə qardaş olaraq, dəstək olaraq qazanarsa, o halda əlbəttə ki, mövqelər güclənəcək, həm siyasi təhlükəsizlik, həm həmrəylik, həm də iqtisadi təhlükəsizlik məsələsində bütün tərəflərə əlavə üstünlüklər qazandıracaq”.

 

 

 

Gülxanım Əliyeva

Gununsesi.info