Yeni tariflər vətəndaşların cibinə necə təsir edəcək? – İqtisadçı izah etdi

Azərbaycanda ödəniş kartları ilə aparılan nağdsız əməliyyatlarda interçeync tariflərinə yuxarı hədd müəyyənləşdirilib. Qərara əsasən, bəzi kateqoriyalar üzrə bu xidmət haqlarına məhdudiyyət qoyulsa da, digər fəaliyyət sahələri üçün belə bir yuxarı hədd tətbiq edilməyəcək.

Bəs bu dəyişiklik vətəndaşın kartından əlavə pul tutulmasına səbəb olacaqmı?

Gununsesi.info bildirir ki, iqtisadçı Eldəniz Əmirov məsələyə belə münasibət bildirib:

“Adi istehlakçıların kartlarından əlavə komissiya tutulmayacaq. 

Bunun sadə dildə izahı budur ki, banklar və ödəniş iştirakçıları kartla ödəniş zamanı öz aralarında bölüşdürdükləri interçeync komissiyasına görə artıq müəyyən edilmiş yuxarı həddi keçə bilməyəcəklər.

Yeni limitlərə görə dərman və aptek, həmçinin ərzaq və supermarket kateqoriyalarında bu hədd 1.25 faiz, benzin satışında 0.75 faiz, ümumi kateqoriyada isə 1.5 faiz müəyyən edilib.

Bu qərarın əsas məqsədi nağdsız ödənişləri genişləndirmək, POS terminlların yayılmasını sürətləndirmək və xüsusilə kiçik sahibkarların kart qəbul etməyə marağını artırmaqdır. Çünki bəzi obyektlər yüksək komissiyaya görə kart qəbuluna isti baxmırdı”.

Onun fikrincə, istehlakçı qısa müddətdə ciddi mənfi təsir hiss etməyəcək.

“Əksinə, kartla ödəniş imkanlarının daha da genişlənməsi mümkündür.

Amma qərarın dolayı təsirləri də ola bilər. Dünya praktikasında interçeng tipli gəlirlərin retail yönümlü bankların ümumi gəlirlərində payı təxminən 2-6 faiz civarında qiymətləndirilir. Azərbaycanda dəqiq statistika açıqlanmasa da, oxşar diapazon ehtimal edilir.

Yeni limitlərdən sonra bu gəlirlərdə müəyyən azalma mümkündür. Buna görə gələcəkdə bəzi keşbek kampaniyalarının zəifləməsi, bonus proqramlarının azalması, müəyyən kart üstünlüklərinin dəyişməsi, bəzi xidmətlərin ödənişli olması və ya premium kart modellərinin genişlənməsi ehtimalı var. Çünki bir çox loyallıq proqramları məhz həmin komissiya gəlirləri hesabına maliyyələşirdi.

Uzunmüddətli baxanda isə bu addım daha çox nağdsız iqtisadiyyatın böyüməsinə, dövriyyənin şəffaflaşmasına və ödəniş bazarında daha sistemli qaydaların formalaşmasına təsir edəcək”.

 

 

 

Şəbnəm

Gununsesi.info