Yeri boş qalanlar - Hacı Şahinsiz 1 il

  • By admin
  • 02 Mart 2024 11:11

Bu gün – martın 2-də tanınmış ilahiyyatçı və ictimai xadim Hacı Şahinin vəfatından 1 il ötür. Bəllidir ki, onun dəfn mərasimi görünməmiş izdihamla yadda qalıb. Ən yadda qalan isə şəhid analarının Hacı Şahin Həsənlinin məzarını ziyarət etdikdən sonra oğullarının fotosunu Hacının məzarına asmaları olmuşdu. Bu da əbəs deyildi, çünki Hacı Şahin ölümündən əvvəl şəhidlərin dəfnində iştirak edər, tez-tez ailələri ilə görüşərdi. 

Bəs bu şəxsə böyük sayğı-rəğbətin başqa səbəbləri nə idi? Onu təkcə dini cameəyə deyil, daha geniş kütləyə sevdirən hansı xüsusiyyətləri idi? Hacı Şahinin yerinin boş qaldığını söyləmək olarmı?

Gununsesi.info xəbər verir ki, araşdırmaçı jurnalist, dini sahə üzrə mütəxəssis Rəsul Mirhəşimli Hacı Şahinlə bağlı “Yeni Müsavat”a bu fikirləri bölüşüb: “Vəfatının ildönümündə Hacı Şahini rəhmətlə anır, ruhunun şad, məkanının Cənnət olmasını Allahdan diləyirəm. Hacı Şahin Azərbaycanda seçilən və sevilən mükəmməl din adamı, əxlaq sahibi idi. Həyatını İslam əxlaqı ilə yaşadı. İslam əxlaqının qaynağı Qurani-Kərimdir. Hacı Şahin də bu dünyada qısa sürən ömrünü Quran əxlaqının nuru ilə boyadı. Ölkəmizdə uzun zamandan bəri gözlənilən milli və dini kimliyini bir arada tutmağı bacaran din adamlarına ehtiyac var idi. Bu kimlik Hacı Şahinin timsalında ortaya çıxmışdı. Bu kimlik inanc, ibadət və əxlaqın cuğlaşması ilə zühur edən, ölkə vətəndaşlarının dərdini öz dərdi, sevincini öz sevinci bilən həqiqi müsəlman olmağı gərəkli edir. Bu keyfiyyətlər Hacı Şahinin yaşamında, dinimizin təbliğində özünəməxsusluğunda özünü göstərirdi.

0a4a45b4-7228-43be-89c2-c44cc926a8a7.jpg (102 KB)

Rəsul Mirhəşimli: “Onun dünyasını dəyişməsi ilə dinin təbliği sahəsində boşluqlar yarandı”

İnsanın anlatdıqları o zaman təsirli olur ki,  anlatdıqlarını özü də yaşasın. Hacı Şahin Allahı, Peyğəmbərini və Əhli-Beytini sevən mömin, bu sevgini də insanlara aşılamağı bacaran əqidə sahibi idi. Bundan əlavə, o, Azərbaycan dindarlığının heç bir kənar təsiri olmadan təbliğinin ən gözəl təbliğatçılarından idi. Müsəlman olmağın və İslamı yaşamağın göstəricilərindən biri də sadə olmaqdı. Bu sadəliyin ən gözəl nümunəsi Hacı Şahin idi, desək, yanılmarıq.

Hacı Şahin illər əvvəldən ölkədə çox yaxşı tanınan din xadimi idi. Azərbaycan xalqı Hacı Şahini 44 günlük Vətən müharibəsi zamanı yenidən kəşf etdi. Şəhidlərimizin dəfn mərasimlərində, şəhid ailələrinin yanında görürdük onu. Yorulmadan, usanmadan bu ailələrə təskinlik verir, onların dərdləri ilə dərdlənir, oğul itkisi yaşayan ailələrin dərdlərini bir anlıq da azaltmağa çalışmaq üçün əlindən gələni edirdi.

Hacı Şahin Kərbəla məktəbinin təbliğatçısı və Hz.Hüseyn (ə) və əqidədaşlarının şəhidliyə yürüməsinin fəlsəfəsini azərbaycanlılara sevgi ilə öyrədən, bu fəlsəfəni öz həyatında yaşadan mükəmməl müəllim idi. 

Müdriklər deyir ki, müsəlman olduğunu göstərmə, müsəlman olaraq yaşa. Hacı Şahinin həyatı və fəaliyyəti də müsəlman olmağın müasir zamanımızda ən gözəl nümunəsi idi. Bu gözəllikləri də Hacı Şahin Allah Rəsulu Hz.Məhəmməd (s), onun Əhli-Beytinin (ə) əxlaqından öyrənib öz həyatına tətbiq etməklə üzə çıxmışdı. Elə bu baxımdan da Hacı Şahinin dünyasını dəyişməsi ilə dinin təbliği sahəsində boşluqlar yarandığının şahidi olduq. İnanıram ki, Hacı Şahinin təbliğindən, onun həyat tərzindən öyrənənlər İslama layiq şəkildə yaşamağa çalışacaq, Azərbaycanda bu yolun yolçuluğunda yeni müəllimlər ortaya çıxacaq. O zaman da bu təbliğ metodlarının bir çoxunun Hacı Şahindən qaynaqlandığını görə biləcəyik”.

 

Gununsesi.info