Yevgeni Priqojinin oğlu “Vaqner”in yeni rəhbəri təyin olundu

Sankt-Peterburqlu iş adamı Yevgeni Priqojinin oğlu Pavel Priqojin “Vaqner” özəl hərbi şirkətinin rəhbəri təyin olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə 59.ru portalına qurumun Perm vilayəti üzrə nümayəndəsi bildirib.

 

Nümayəndənin sözlərinə görə, “Vaqner” indi Rusiya Qvardiyasının bir hissəsi – onun bölməsidir.

 

O qeyd edib ki, yenidən könüllülər “Vaqner”ə cəlb olunmağa başlayıb. Lakin qurum nümayəndəsinin sözlərinə görə, bir fərq var: “Biz mülki şəxsləri yalnız azadlıqdan məhrum etmə yerlərindən götürmürük”.

 

Bəzi Telegram kanallarında “Vaqner”ə üzv olmaq istəyən hər kəslə müqavilə bağlanacağı barədə məlumatlar yayılıb. Qeyd olunur ki, “Vaqner”ə 20 yaşından 55 yaşa qədər olan vətəndaşlarla müqavilə bağlamağa hazırdır.

“Vaqner” özəl hərbi şirkətinin sabiq rəhbəri Yevgeni Priqojin bu il avqustun 23-də Rusiyanın Tver vilayətində təyyarə qəzasına uğrayaraq ölüb. Onun Rusiya prezidenti Vladimir Putinin sifarişi ilə öldürüldüyü iddia olunur.

 

Gununsesi.info