Yevlax Rayon Polis Şöbəsi 8 ildir məcburi köçkünü süründürür - ŞİKAYƏT

  • By admin
  • 06 Dekabr 2017 14:36

Yevlax Rayon Polis Şöbəsi (RPŞ) 8 ildir ki, Mingəçevir şəhərindəki “Azqres” mehmanxanasında məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün Dadaşova Mehriban Böyükkişi qızınının etdiyi şikayətə laqeyd yanaşır.

Bu barədə Mingəçevir şəhərindəki “Azqres” mehmanxanasında məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün Dadaşova Mehriban Böyükkişi qızınının Gununsesi.info-ya etdiyi şikayət məktubunda qeyd olunub.

M.Dadaşovanın məktubunda qeyd olunur ki, 2009-cu ilin may ayının 7-də Yevlax rayonu Aran qəsəbəsi yaxınlığındakı 6 evdən ibarət bir kənddə yaşayan Sahib Məmmədoğlu adlı bir şəxsdən mal otarmaq üçün 440 manata 5 hektar otlaq sahəni icarəyə götürüb: “Torpağı icarəyə götürdükdən sonra həmin otlaq ərazidə çadır qurub heyvanlarımızı saxlayırdıq. Lakin bir müddətdən sonra Sahib mənə guya kimlərinsə bizi izlədiyini bildirdi. Mən isə cavabımda bildirdim ki, əgər başımdan bir tük əskik olsa, cavabdeh sənsən. Elə 2009-cu ilin mayın 27-dən 28-nə keçən gecə həmin otlaq sahəsindəki çadırda nəvəmlə birgə gecələmişdim. Bayırda hürən it səsinə ayıldıq və gördük ki, bayırda topağı bizə icarəyə verən Sahib inəyimi bağlandığı ipdən açıb aparır. Biz bunun qarşısını almağa çalışsaq da, bacara bilmədik. Hadisə ilə bağlı səhəri gün Yevlax Rayon Polis Şöbəsinə şikayət etdik və polis hadisə yerinə gələrək baxış keçirdi.

Bundan sonra Sahib açıq formada bizə işi şişirtməməyi bildirdi. Dedi ki, onsuz da sizə inəyi geri qaytaran olmayacaq. Sahibin bu hərəkətindən sonra biz Yevlax Rayon Polis Şöbəsinin rəisi Natiq Məmmədovun qəbulunda olub vəziyyəti ona anlatdıq. O isə cavabında Yevlax rayon sakinləri olmadığımızdan bizə yardımçı ola bilməyəcəyini bildirdi. Ondan sonra Yevlax rayon prokuroru Elxan Pənahovun yanında olduq. Rayon prokuroru Elxan Pənahov açıq formada bizə bildirdi ki, oğurlanan inəyi Sahibdən alıb geri qaytara bilmək iqtidarında deyil”.

M.Dadaşova bildirir ki, 2016-ci ildə Yexlax rayonuna yeni polis rəisi təyin olundu: “Biz yeni polis rəisi Vaqif Müslümovun yanında olduq. O bildirdi ki, Novruz bayramından sonra martın 25-26-da oğurlanan inəyiniz qapınızda olacaq. Yeni polis rəisi oğurlanan inəyimin dəyərini soruşdu. Bildirdim ki, 1500 manat. Eyni zamanda ondan icarəyə 2-3 il müddətinə icarəyə götürdüyüm torpaq ərazisinə görə Sahibə 440 manat pul verdiyimi bildirdim. Rəis icarəyə götürdüyüm torpağın pulunu qaytarmağa söz verməsə də, inəyi qaytaracağına söz verdi. Amma deyilən vaxtda inəyimi qaytarmadıqlarından yenidən polisə üz tutduq. Polis şəbəsində rəis Vaqif Müslümov bizi küçəyə çıxarmaq barədə əmr verdi. Polis bizi zorla küçəyə atdı”.

O əlavə edib ki, şikayətinin araşdırılması və dəyən ziyanın ödənilməsi ilə bağlı dəfələrlə Yevlax RPŞ-yə müraciət etsə də, cavabında istintaqın getdiyini deyiblər: “Ancaq bu 8 ildə bir dəfə də olsun ki, polis bizi, həmçinin inəyimi oğrulayan Sahibi istintaqa dəvət edib üzləşdirməyib”.

M.Dadaşova bildirib ki, yaranmış vəziyyətlə bağlı Daxili İşlər Nazirliyinə (DİN) və Yevlax PRŞ-yə dəfələrlə rəsmi qaydada məktubla müraciət edib və hər dəfə də inəyi oğurlayan şəxs tapılmadığından istintaqın davam etdiyini qeyd ediblər.

M.Dadaşovanın DİN Baş İstintaq və Təhqiqat İdarəsinə ünvanladığı müraciətə əsasən 09.03.2017-ci ildə 005-1017-3217 saylı verilən cavab məktubunda bildirilib ki, 28 may 2009-cu ildə oğurlanan inəyinizlə bağlı 16.06.2010-cu ildə Yevlax PRŞ-də CM-nin 177.1 maddəsi ilə cinayət işi başlanılıb, lakin cinayət əməlini törədən şəxs müəyyən edilmədiyindən 16.08.2016-ci ildə işin icraatı CPM-nin 53.1.1 maddəsinə əsasən dayandırılıb. Məktubda eyni zamanda qeyd olunub ki, hazırda cinayət əməlini törətmiş şəxsin müəyyən edilərək istintaqa təqdim edilməsi istiqamətində əməliyyat-axtarış işləri davam etdirilir.

Yevlax RPŞ-yə edilən şikayət məktublarının hamısına demək olar ki, eyni məzmunda cavab verilib. Yevlax RPŞ-nin 07.04.2017 ci il 195-7696-1217 saylı cavabında CM-nin 177.1 maddəsi ilə cinayət işi başlanılsa da, lakin indiyədək cinayəti törədən şəxsi müəyyən etmək mümkün olmayıb. Məktubda qeyd olunur ki, buna baxmayaraq, cinayəti törədən şəxslərin və inəyin axtarılıb tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Yevlax PRŞ-nin 29.06.2017-ci il 195-1017D-3217 saylı məktubunda da eyni məzmunda cavab verilib.

Yevlax PRŞ-nin M.Dadaşovaya sonuncu 28.10.2017-ci il 005-20587-3217 saylı cavab məktubunda isə bildirilir ki, CM-nin 177.1 maddəsi ilə cinayət işi başlanılsa da, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyinə görə icraat CPM-nin 53.1.1 maddəsinə əsasən dayandırılıb. Bununla belə məktubda cinayətin açılması istiqamətində tədbrilərin davam etdirilməyi, həmçinin müraciətin qanunvericiliyin tələblərinə uyğun olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yevlax Rayon Prokurorluğuna göndədirilməsi barədə məlumat verilib.

Gununsesi.info