“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi məcburi köçkün məktəblərində təhsil alan şagirdlərin peşə təhsili ilə bağlı maarifləndirilməsi ilə bağlı ilk tədbirini keçirib.
Gununsesi.info xəbər verir ki, “İşğaldan azad olunan rayonların şagirdləri arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində keçirilən tədbirə Yevlax rayonunda keçmiş məcburi köçkünlərin yaşadığı qəsəbədə fəaliyyət göstərən məktəblərin şagirdləri cəlb edilib. Tədbirə Kəlbəcər rayon 30 saylı və Ağdam rayonu 23 saylı tam orta məktəblərdə təhsil alan 57 nəfər şagird qatılıb.
Tədbirdə çıxış edən Kəlbəcər rayon 30 saylı tam orta məktəbin direktoru Zahid Kazımov peşə təhsili ilə bağlı məktəbdə ilk dəfədir geniş tərkibdə tədbir keçirildiyini qeyd etdi: “Şagirdlərin peşə təhsili ilə bağlı maarifləndirilməsi istiqamətində davamlı tədbirlər olmalıdır. Sevindirici haldır ki, bu gün cəmiyyətdə daha çox ehtiyac duyulan peşə bacarıqlarına malik şəxslərin hazırlanması ən müasir avadanlıqlarla və ixtisaslı kadrlarla təmin olunan peşə məktəblərində aparılır. Şagirdlərə məktəb olaraq bu məlumatları versək də, Qeyri-Hökumət Təşkilatlarının bu məsələyə diqqət ayırması təqdirəlayiqdir”.
Daha sonra tədbirdə çıxış edən “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur: “Layihənin əsas məqsədi şagirdləri peşə təhsilinin əhəmiyyəti, respublikamızda daha çox işçiyə ehtiyac olan peşələrlə bağlı məlumatlandırmaqdır. Həmçinin, şagirdləri doğru sənət seçiminə yönləndirmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdır. Layihə çərçivəsində ötən ay Bərdə rayonunda məlumatlandırma sessiyası keçirildi. Bu gün Yevlax rayonundayıq. Aprelin sonunda isə Abşeron rayonunda fəaliyyət göstərən işğaldan azad olunan rayonlarımıza tabe məktəblərdə təhsil alan yuxarı sinif şagirdləri üçün məlumatlandırma sessiyasının keçirilməsi nəzərdə tutulur”.
Daha sonra tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, elmlər doktoru, dosent Əfsun Sucayev şagirdlərə Peşə təhsili ilə bağlı məlumat verib.
Şagirdlər doğru sənət seçiminin əhəmiyyəti, respublikamızda peşə təhsili müəssisələri, dövlətin peşə təhsilinin inkişafı istiqamətində gördüyü tədbirlər və bu sahənin gələcək inkişaf prespektivləri ilə bağlı bilgiləndirilib. Həmçinin, şagirdlərə peşə təhsili müəssisələrinə sənəd qəbulu qaydaları, portal.edu.az saytında qeydiyyat proseduru, elektron qeydiyyatdan keçən zaman tələb olunan sənədlər, ərizəçilərə verilən ixtisas seçimi, peşə təhsili müəssisələrində pulsuz təhsil, peşə təhsili müəssisələrində təhsil haqqına güzəşt imkanları, peşə təhsilinə qəbul olan tələbələrdən tələb olunan sənədlərlə bağlı məlumat verilib.
Sonda tədbir iştirakçılarına layihə çərçivəsində çap olunan “Uğur üçün düzgün peşə seç!” adlı buklet paylanılıb. Həmçinin, bukletin 180 ədədi qeyd olunan ərazidə fəaliyyət göstərən Kəlbəcər rayon 30 saylı və Ağdam rayonu 23 saylı məktəblərin şagirdlərinə paylanılması üçün həmin məktəblərə təhvil verilib.
Qeyd edək ki, layihə çərçivəsində peşə təhsilinə maraq göstərən şagirdlərin sənədlərinin hazırlanması və peşə seçiminə dəstək veriləcək, onlara konsultasiya xidməti göstəriləcək.