Yol polisi qəza törədən sürücüyə cibxərci verdi- AZƏRBAYCANDA

Yol polisi qəza törədən sürücüyə cibxərci verdi

“Mən II qrup Qarabağ müharibəsi əliliyəm. Bu günlərdə İmişli rayonunda olarkən yol polisi əməkdaşından gördüyüm yaxşılıq, humanistlik məni mütəəssir etdi və bu təşəkkür məktubunu yazmağı özümə borc bildim. Belə ki, yanvarın 9-da avtomobillə İmişli rayonuna getmişdim. Yolda qəza baş verdi və xəsarət aldım. Dərhal hadisə yerinə gələn yol polisi əməkdaşı Elmidar Əliyev məni xəstəxanaya çatdırdı. Müvafiq sənədləri qaydaya salmaq üçün iki gün İmişlidə mehmanxanada qaldım. Həmin polis əməkdaşı mənə öz doğması kimi qayğı göstərdi. Evə qayıdanda, nə gizlədim, maddi sıxıntımı hiss edib cibxərcliyi də verdi. Düzü, gözlərim doldu. Belə dəyərli oğullarımızın varlığı ilə qürur duydum. Onlar yayın qızmarı, qışın şaxta-sazağı yollarda təhlükəsizliyi qorumaqla bərabər, neçə-neçə insan həyatını xilas edirlər.

 Öyrəndim ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol patrul xidməti alayının 12-ci taqımının inspektoru, polis baş serjantı Elmidar Əliyev mənim kimi qəza keçirənlərə, yolda qalanlara, bir sözlə, çox adama kömək edib, əsl vətəndaşlıq mövqeyi sərgiləyib”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri DİN-ə ünvanladığı təşəkkür məktubunda Yevlax şəhər sakini İbrahim Abdullayev yazıb.

Daxili İşlər Nazirliyinə hər gün onarla təşəkkür məktubu gəlir. Hər gələn məktubdan bir nəfərin deyil, bir ailənin sevinci, həmkarlarımıza olan rəğbəti  boy verir. Həmin məktubları diqqətlə nəzərdən keçirib müəllifləri ilə əlaqə saxlayır, xidmətimizə, əməkdaşlarımızın fəaliyyətinə dəyər verdiklərinə görə biz də öz növbəmizdə təşəkkürümüzü bildiririk.

Bir qrup Nizami rayon sakini Nizami RPİ-nin 24-cü Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı Elxan Əliyevin ərazidə yaşayan sakinlərlə mütəmadi görüşlər keçirməsini, üzləşdikləri problemləri diqqətdə saxlamasını, onları narahat edən məsələlərə dərhal və mövcud qanunvericilik qaydasında reaksiya verməsini təşəkkür məktublarında minnətdarlıq hissi ilə qeyd edirlər.

Yazırlar ki, məhz onun təşəbbüsü və sakinlərin köməkliyi ilə Babək prospektindəki  95 nömrəli binanın bütün girişlərini nəzarətdə saxlayan təhlükəsizlik kameralarının quraşdırılması baş verə biləcək neqativ halların qarşısını almağa yönəlib.

Daha bir minnətdarlıq məktubunu şəhid övladı Mehdi Nemətli yazıb. O, DİN rəhbərliyinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğını, həmçinin onların problemlərinin həll edilməsi üçün həssaslıq nümayiş etdirdiyini xüsusi vurğulayır.

Və məktubunda yazır ki, mebel düzəltdirmək üçün Məhəmməd adlı şəxsə 600 manat verib. O isə nə mebeli verib, nə də ki, pulu geri qaytarıb. Həmin şəxs günü-günə satıb, yalan vədlərlə onu aldadıb. M.Nemətli bütün bunlara son vermək üçün Xətai RPİ-yə  müraciət edib. RPİ-nin İstintaq şöbəsinin rəisi, polis polkovniki Bahadur Şükürovun yaxından iştirakı ilə şikayət etdiyi şəxs müəyyən olunub və bir neçə gün keçməmiş pulu ona qaytarılıb.

Əbəs yerə deməyiblər: “Uman yerdən küsərlər”. Vətəndaşlarımız kömək umduqları polisimizdən küsmürlər, əksinə, ona sevgi, sayğı dolu təşəkkür məktubları ünvanlayıb xidmətlərində uğurlar arzulayırlar.

Bizim hər işimiz qanunların aliliyinin təmininə və vətəndaş məmnunluğuna xidmət edir.

COMMENTS