
Son zamanlar Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İli İdarəsinin hətta yaşayış binalarının qarşısında belə vətəndaşların avtomobillərini aparması ilə bağlı narazılıqlar artmağa başlayıb. Azərbaycanda yol polisi ilə bağlı əsas narazılıqlar “Siqnal İli” idarəsinin fəaliyyəti ilə bağlıdır.
Elə, Gununsesi.info-nun əməkdaşının şahidi olduğu bir hal da bu idarənin daha bir qanunsuzluğunu ortaya çıxarıb.
Belə ki, Bakının Yasamal rayonunda Həsən Bəy Zərdabi küçəsində (Tusi Klinikasının qarşısı-red.) parkomat aparatı quraşdırıldığından sürücülər rahatlıqla avtomobillərini burada park edir. Ancaq geriyə dönəndə isə avtomobillərinin DYP tərəfindən aparılmasının şahidi olur. Əməkdaşımızın bir neçə dəqiqəlik müşahidəsi zamanı yol polisinin vətəndaşların DYP-yə qarşı yaratdığı qəzəbin şahidi olub.
Qeyd edək ki, Nəsrədin Tusi Klinkasının yerləşdiyi bu küçədə avtomobil park edənlərin əksəriyyəti klinikaya xəstə gətirənlərdir.
Avtomobili aparılan Vüqar adlı sürücünün isə qəzəbini anlamamaq mümkün deyil. Çünki xəstə anasını klinkaya müayinəyə gətirən sürücü geri dönəndə avtomobilinin aparıldığının şahidi olub. Yol kənarında anasını əyləşdirən Vüqar taksi ilə cərimə meydançasına gedib.
Məsələ ilə bağlı bağlı yol polisinin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı.
Qeyd edək ki, paytaxt ərazisində ümumilikdə 500-ə yaxın parkomat qurulub. Həmin parkomatlara nəzarət Bakı meriyasının müvafiq strukturu olan Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi (XTAİ) həyata keçirir.
Gununsesi.info