İlham İsmayıl nazir müavininə şikayət etdi

  • By admin
  • 23 İyul 2022 17:29

Tanınmış təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl YPX əməkdaşı tərəfindən üzləşdiyi qanunsuzluğa görə Daxili İşlər nazirinin müavini – Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi Fazil Quliyevə şikayət yazıb.

Gununsesi.info həmin şikayəti olduğu kimi təqdim edir:

 

 Hörmətli nazir müavini!

 21 iyul 2022-ci ildə 8 noyabr metrosunun yanındakı yol qovşağında saat 16.30 radələrində Hərbi qospital istiqamətində böyük tıxac yaranmışdı. Həmin vaxt 4 ədəd Yol-patrul xidmətinin maşınları dayansa da, hərəkətin nizamlanması ilə bağlı heç bir iş görülmür, polis əməkdaşları maşınlarda əyləşib vəziyyəti müşahidə edirdilər. Tıxacın tərpənmədiyini gördükdə məcbur olub idarə etdiyim avtomobili alternativ yola girməyə, məcburən sol tərəfə döndüm və etiraf edim ki, bu qayda pozuntusu idi, amma başqa çıxış yolum qalmamışdı. Həm də məndən əvvəl dayanmış iki maşın da belə hərəkət etmişdi. 366 nömrəli YPX avtomobili arxamca gəlib məni saxlatdı və qaydanı pozduğumu bildirdi. Mən qaydanı pozduğumu etiraf etdim, eyni zamanda mövcud tıxac vəziyyətində yol hərəkətini nizamlamadıqlarını irad kimi özünü təqdim etməyən polis əməkdaşına bildirdim. Etirazımdan sonra polis əməkdaşı kobud şəkildə ona işini necə görməyi öyrədə bilmədiyimi söyləyib təhqirlə məni“bu sözünə görə bu saat post patrul xidmətini çağırıb məhkəməyə aparacağı” ilə hədələdi. Mən vətəndaş olaraq ona etiraz bildirmək hüququmun olduğunu bildirəndə “rəhbərliyin göstərişini yerinə yetirirk” deyib, “ağlımı başıma yığmağı” kimi daha təhqiramiz bir formada cavab verdi. Məndən əvvəlki maşınları niyə saxlamadığını da soruşanda bu dəfə YPX maşınını sürən digər polis əməkdaşı maşından çıxıb “a kişi, 40 manat cərimədən ötrü nə hay-küy salırsan”- deyib üstümə qışqırdı. Ola bilsin Daxili İşlər Nazirliyinin əməkdaşları üçün bu məbləğ kiçik olsun, amma mənim üçün kiçik deyil. Mən tərtib olunmuş protokola qol çəkib, cəriməni ödəyəcəyimi dedim, amma yol-hərəkət qaydalarını nizamlamadıqlarını protokolda yazılı şəkildə,  vəzifə səlahiyyətlərini aşdıqlarını, kobud şəkildə hədə-qorxu gəldiklərini şifahi şəkildə bildirdim.

  Hörmətli nazir müavini!

Polis əməkdaşı “rəhbərliyin göstərişini yerinə yetiririk” deyəndə hansı rəhbərliyi nəzərdə tutur? DİN rəhbərliyini, yoxsa Baş dövlət yol polis idarəsinin rəhbərliyini? Vətəndaşla kobud rəftar etmə və səlahiyyət həddini aşma rəhbərliyin göstərişidirmi? Niyə qayda pozan başqa maşınlar yox, məhz mənim idarə etdiyim avtomobil saxlanıldı? Bu da rəhbərliyin göstərişidir? Əgər belədirsə, səbəbini bilmək istərdim. İkincisi, yol polisi əməkdaşlarının vətəndaşla elementar etika və mədəniyyətdən uzaq, kobud və hədə ilə davranışlarının cəmiyyəti narazı saldığını və bu narazılıq kütləvi hal aldıqda hədəfinin polis orqanları deyil, mövcud hakimiyyət olduğunu onlar bilirmi?

  Mən məcburi situasiyada yol hərəkəti qaydasını pozduğumu etiraf edirəm və cəriməni ödəyəcəm. Amma, polis əməkdaşlarının ailə üzvlərimin yanında məni təhqir edib, üstəlik məhkəmə və həbslə hədələməsini isə qəbul etmirəm və 366 nömrəli YPX avtomobilini 21 iyul 16.30 radələrində idarə edən polis əməkdaşlarının ( protokoldan məlum oldu ki, səlahiyyət hədlərini aşıb məni məhkəmə və həbslə hədələyən baş serjant Kətanov Ramiz Vüqar oğludur) qanunsuz hərəkətlərindən.., hələlik Sizə şikayət edirəm və Sizə ünvanladığım suallara aydınlıq gətirilməsini xahiş edirəm.

İlham İsmayıl

Polkovnik-leytenant, Qarabağ müharibəsi veteranı, II qrup əlil