
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mirislam Yaqubovun işinə baxılır.
Gununsesi.info xəbər verir ki, bu məhkəmədə zərərçəkmiş tərəf təqsirləndirilən şəxsdən 50 min manat tələb edir. Aprelin 2-də keçirilən məhkəmədə hakim Azər Paşayev bildirib ki, qəzada dünyasını dəyişmiş şəxsin hüquqi varisinin nümayəndəsi ümumilikdə 50 min manatlıq mülki iddia qaldırıb.
Yol qəzası törətməkdə ittiham olunan Mirislam Yaqubov özünü təqsirli bildiyini deyib. O ifadəsində bildirib ki, hadisə səhərə yaxın baş verib, hava dumanlı olub: “Yüklü “KamAz”la gedirdim. Dumana görə göz-gözü görmürdü. “Mercedes” yolun kənarında, döngədə dayanmışdı. Orada üç nəfər var idi, “KamAz” düz sürsəydim, üçü də ölə bilərdi. Maşını kənara çəkəndə aşdı, içərisindəki “kubik”lər “Mercedes”in üstünə tökükdü”.
Bu iş üzrə məhkəmə aprelin 6-da davam edəcək.
Qeyd edək ki, hadisə ötən il Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində baş verib. Saray qəsəbəsinin sakini M.Yaqubovun idarə etdiyi “KamAZ” aşıb, yük yerində olan mişar daşları yolun kənarında dayanmış, Masazır sakini Samiq Mehrəliyevə məxsus “Mercedes”in üstünə dağılıb. Qəza nəticəsində “Mercedes”dəki sərnişin, Astara rayon sakini Səid Salmanov dünyasını dəyişib.
Gülər
Gununsesi.info