Yol verin, dərman gəlsin… - Jalə Mütəllimova yazır

  • By admin
  • 27 Noyabr 2020 09:42

 

“TƏBİB”, Gömrük Komitəsi, Səhiyyə Nazirliyi, dövlətə xaricdən tibbi yardım etmək istəyənləri kim incidir?

Azərbaycan iki mühim cəbhədə savaş aparır: Bioloji və hərbi savaş.

İkisi də can savaşıdır. Biri xəstəliklə ölüm gətirir, digəri düşmən gülləsi ilə. İndi biz, dövlət olaraq hərbi müstəvidə qalibik. Düşmənin atəşi kəsilib. Qalır tibbi müstəvidəki savaşımız.

Sirr deyil, bütün müharibələr həm də xalqın dəstəyi, yardımı ilə udulur. Qarabağ uğrunda savaşda dövlət də, biz də bunu gördük. Canını, mülkünü, qazancını əsirgəmədi dövlətindən insanlar. Indi biologi müharibədə o insanlara dövlət dəstəyi lazım. Özü də çox asanlıqla. Əgəe ali rəhbərə dürüst hesabat verilərsə, Azərbaycan dövləti bunu asanlıqla həll edə bilər.

Rayonlarımızın bir çoxunda tibbi personal, dərmanlar və xidmət göstərən şəxslər azlıq təşkil edir. Dərmanları imkansızlıqdan adamlar ala bilmir. Yoluxma və ölü sayı sürətlə artır.

Rəsmilərimiz iradlarımıza təssəlli verir. İngiltərəyə, Almaniyaya, Rusiyaya baxın onlarda da vəziyyət ağırdır.

Xatırladıram, cənablar, onlar yüz minlərlə adamla uğraşır. Bizim dövlət olaraq əhali sayımız on milyondan bir qədər artıqdır. Xəstə sayımız heç beş min də deyil. Gəlin heç olmasa özümüzə etiraf edək yaxşı işləmirik, yaxşı təşkilatlanmamışıq, yaxşı bacarmırıq. Biz həm də nəfsimizə hakim ola bilmirik. Hər şeydən pul qazanmaq nəfsimizə.

Son günlər Zərdab rayonunda covidli xəstələrin müalicəsi üçün ehtiyaclı ailələrə pulsuz dərman yardımı üçün xaricdə yaşayan bir neçə imkanlı şəxsə, iş adamına müraciətimə aldığım cavabsa məni çox məyus etdi. Insanlar yardıma hər an hazır olduqlarını bildirirlər. Amma üç vacib dövlət qurumu. Gömrük Komitəsi, Səhiyyə Nazirliyi və “Təbib”lə problem yaşanır.

Əzizlər, bu dövlətin sərvəti, varı tükənməz. Sadəcə bu dönəmlərdə xaricdəki iş adamlarımıza lazımi dəstəyi verin. O insanlar Səhiyyə Nazirliyindən icazə almaq üçün yalvarmasın, gömrük orqanları sərhəddə qarşılarını günlərlə kəsməsin. “Təbib” dərmanı öz anbarında bir həftə saxlamasın.

Bu dövlət hamımızındır. Bu gün çətin durumdan çıxsın, sabah yenə siz qazanın, siz vəzifələrdə ucalın, nə etmək istəsəniz siz əldə edin. Amma dövlət vəziyyətdən çıxsın, adamlar xəstəlikdən ölməsin. Sonra dövlətsiz, adamsız qalıb qazandıqlarınızı da itirəcəksiniz. Qazanmağa ölkəniz, heç olmasa incitməyə insanınız olsun deyə yol verin, dərman gəlsin…

Bəli, deyilə bilər ki, bütün dünyada dərman biznesi, daşınması ciddi nəzarətdədir və bizdə də belədir. Amma hər kəs buna şərait yarada bilir, biz də problemimizi çözməyin yolunu mütləq özümüz tapmalıyıq.

Jalə Mütəllimova

Gununsesi.info