Yolda tapdıqları 1 milyon dolları polisə təslim etdilər – İnsanlıq dərsi

  • By admin
  • 23 May 2020 14:23

ABŞ-da bir ailə yolda tapdığı 1 milyon dollar məbləğində pul vəsaitini polisə təslim edib.

Gununsesi.org xəbər verir ki, Virciniya ştatında yaşayan Şants ailəsi avtomobillə yolda hərəkət edərkən tullantı torbasına bənzəyən bir əşya tapıb. Torbanı zibilə tullamaq üçün avtomobildən enən ailə üzvləri yolun kənarında daha bir oxşar torba görüb və hər iki torbanı alaraq evə gətirib. Evdə açıldıqdan sonra isə torbanın içində plastik paketlərdə saxlanan 1 milyon dollara yaxın nəğd pulun olduğu aşkarlanıb. Onlar bundan sonra polislə əlaqə saxlayaraq bu barədə məlumat verib və 1 milyon dolları polisə təslim edib.

“Pulları görən kimi dərhal polisə zəng etdik. Bunu etdik, çünki bizə aid olan bir şey deyildi”,- deyə Emili Şants bildirib.

Torbaları təslim alan Karolin Polis İdarəsinin əməkdaşı Skott Mozer Şants ailəsi ilə qürur duyduqlarını ifadə edərək, “Bu ailənin pulu geri qaytarması onların xarakterini göstərir”,- deyə qeyd edib.

Mozer pul kisələrinin poçt xidmətinə aid olduğunu və banka təhvil verilməsi üçün daşındığının ehtimal olunduğunu söyləyərək hadisəni araşdırdıqlarını bildirib.

Gununsesi.org